Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakının “baş maliyyəçi”sinin 7 mərtəbəli oteli

Bakının “baş maliyyəçi”sinin 7 mərtəbəli oteli


6-05-2014, 11:17
Bakının “baş maliyyəçi”sinin 7 mərtəbəli oteli
Korrupsiyanı bəla adlandıran prezident İlham Əliyev cənabları sonuncu çıxışında üzünü bəzi məmurlara tutaraq xəbərdarlıq etmişdir: “ Biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.

Bəli, bu gün bəzi məmurlar dövlətdən aldığı 800-900 manat əməkhaqqı ilə dəyəri milyonluq villalar alırlar, məmur balaları qiyməti 150-200 min manat olan xarici avtomobillərdə gəzirlər. Cəmiyyətdə haqlı olaraq suallar doğur:
Bəlkə, hansısa maliyyə möcüzəsi baş verir?
Bəlkə, bu məmurların sehrli çubuğu-zadı var?
Axı, adi hesablama ilə sübut eləmək olar ki, hətta 1000-2000 manatla da nəinki villa, hətta normal avtomobil almaq mümkün deyil.
Deməli, ortada rüşvətxorluq və korrupsiya halları var. Başqa nə ola bilər ki..?

Ona görə də bu gün mətbuatın əsas mövzusu prezidentin dediyi kimi korrupsiya adlı bəladır. Bizim bir elektron media olaraq məqsədimiz kiminsə pulunu saymaq, ya da kiminsə reputasiyasına kölgə salmaq deyil. Biz sadəcə gördüyümüz faktları ictimaiyyətin və cənab prezidentin nəzərinə çatdırırıq.
Belə faktlardan biri də 6-cı mikrorayon ərazisində, düz “Nəsimi” metrostansiyasının üstündə ucalmaqda olan 7 mərtəbəli oteldir.

Bakının “baş maliyyəçi”sinin 7 mərtəbəli oteli

Birincisi, belə bir “ağırçəkili” binanı düz metronun üstündə tikmək təhlükəsizlik nöqteyi nəzərdən nə qədər düzgündür?
İkincisi, tikilməkdə olan uca binanın ətrafındakı yaşayış evləri hamısı pis durumda qalır. Orada yaşayan sakinlərin hətta pəncərələri işıq üzünə həsrət qalır, gediş-gəliş yolları bağlanır. Ona görə də vətəndaşların haqlı olaraq narazılığına səbəb olur. Hansısa məmur niyə vətəndaşları dövlətdən narazı salmalıdır?

Bakının “baş maliyyəçi”sinin 7 mərtəbəli oteli

Üçüncüsü və ən əsası 7 mərtəbəli oteli tikmək üçün milyonlarla vəsait lazımdır. Bu pulun mənbəyi şəffafdırmı?
Sözün qısası, sakinlərin də marağına səbəb olan bu binanın kimə, yaxud hansısa biznesmenə məxsus olması ilə bağlı suallar var.
Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) daxil olan məlumata görə bu otelin sahibi Bakı Şəhər İcra Hakimiyyətinin Baş Maliyyə İdarəsinin rəisi cənab Elçin Əliyevdir. Görəsən, paytaxtımızın “baş maliyyəçisi” hörmətli Elçin müəllim bu qədər vəsaiti haradan alır?
Araşdırmamız davam edir.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt