Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyaya qaçdığı iddia olunan generalın Bakıda olduğu açıqlandı

Rusiyaya qaçdığı iddia olunan generalın Bakıda olduğu açıqlandı


6-05-2014, 11:02
Rusiyaya qaçdığı iddia olunan generalın Bakıda olduğu açıqlandı
Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Rusiyaya qaçdığı iddia olunan general Bağır Fətullayevlə bağlı məlumat verib.

Hafta.az-ın verdiyi xəbərə görə, V.Hacıbəyli bildirib ki, köhnə tanışlarından biri zəng vurub general Bağır Fətullayevin guya ölkədən qaçması barədə yazılanlardan gileylənib:

“Sən demə tanışımın həyat yoldaşı həmin generalın yaxın qohumudur. Generalın Rusiyaya qaçması barədə məlumat həqiqətəuyğun deyilmiş, ailə vəziyyəti ilə əlaqədar qısa məzuniyyət götürübmüş. Generalın gənc qızı uzun müddətdir xərçəngdən əziyyət çəkir.

Həmin general hazırda Bakıdadır və işinin üstündədir. O, əslən şəkilidir, atası da hərbçi olub, bu yaxınlarda rəhmətə gedib. Bağır Fətullayev Rusiyada Baş Ştabın yanında akademiyanı bitirib və orada da dərs deyib”.

Vaqif Hacıbəyli onu da bildirir ki, akademiyadan əvvəl isə diviziya komandiri olub. Onun sözlərinə görə, heç bir proteksiya olmadan Rusiya kimi ölkədə bu nailiyyətləri qazanan general 50 yaşında ordudan tərxis olunub:

“Tanışımın deməyinə görə, böyük ümidlərlə Azərbaycana qayıdan generala əvvəlcədən çoxlu vədlər verilsə də, sonradan bu vədlərə əməl olunmayıb. O heç hərbi qulluğa qəbul edilməyib.

İndi onun ətrafında aparılan kampaniyadan görünür ki, hansısa dairələr bu generalın mülki şəxs kimi də bu ölkədə zabit kadrlarının hazırlanmasında iştirak etməsində maraqlı deyillər. Azərbaycanda bu cür yüksək hazırlıqlı generallar çoxdumu ki, onun potensialından istifadə olunması hərbi ekspert Üzeyir Cəfərov tərəfindən az qala xəyanət kimi təqdim olunsun.

Açığı, Üzeyir Cəfərovun bu məsələdəki canfəşanlığı həmin ekspertin səmimiyyətinə məndə ciddi şübhələr yaradır. Göründüyü kimi, bu məsələdə bəzi dairələr heç də xeyirxah olmayan niyyətlə dezinformasiya yayaraq yanlış ictimai rəy formalaşdırıblar”.


Geri qayıt