Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı milyarder 51 milyardlıq layihədə niyə uduzdu...

Azərbaycanlı milyarder 51 milyardlıq layihədə niyə uduzdu...


1-05-2014, 17:04
Azərbaycanlı milyarder 51 milyardlıq layihədə niyə uduzdu...
Moskva Dairəvi Avtomobil Yolunun 49.5 kilometrlik hissəsinin çəkilməsi ilə bağlı “Avtodor” Səhmdar Cəmiyyəti tərəfindən elan edilmiş tenderin nəticələri açıqlanıb.

Virtualaz.org saytı xəbər verir ki, tanınmış azərbaycanlı milyarder Araz Ağalarovun “Crocus” şirkətlər qrupu tenderdə bu layihəni ən ucuz qiymətə həyata keçirməyə hazır olan iştirakçı olsa da komissiya hamını təəccübləndirərək layihəni ərəb əsilli multimilyonçu Ziyad Manasirin “Stroyqazkonsaltinq” şirkətinə verib.

Xatırladaq ki, bu tenderə Araz Ağalarov və Ziyad Manasirlə yanaşı prezident Vladimir Putinin dostu, “Gunvor” treyder şirkətinin sahibi Gennadi Timçenkonun payçı olduğu şirkət də qatılmışdı. Bu yaxınlarda məlum olmuşdu ki, Araz Ağalarovun şirkəti tender komissiyasına ən sərfəli təklifi verib. “Crocus” şirkəti bu yol tikintisini 47,5 milyard rubla həyata keçirməyə hazır idi.

Lakin “Kommersant” qəzeti xəbər verir ki, tender komissiyası A.Ağalarovun şirkətinin bu cür iri yol infrastruktur layihələrində təcrübəsinin olmadığını əsası gətirərək onu tenderdən çıxarıb. Layihə tikintini 48,9 milyard rubla keçirməyə hazır olan “Stroyqazkonsaltinq”ə verilib.

Qeyd edək ki, “Avtodor” layihənin ilkin qiymətini 51 milyard rubl həcmində müəyyənləşdirmişdi.

“The Moskow Times” qəzeti isə yazır ki, tenderin belə nəticələnməsinin arxasında ciddi korrupsiya maraqları dayana bilər. Ekspertlər “Avtodor”un rəhbəri Sergey Kelbaxın Ziyad Manasirlə korrupsiya sövdələşməsinə girdiyindən şübhələnirlər. Söhbət kifayət qədər geniş və uzunmüddətli korrupsiya sövdələşməsindən gedə bilər. Belə ki, tenderin şərtlərinə görə, qalib şirkət çəkiləcək yola 23 il ərzində xidmət göstərəcək, yolda gediş haqqını və hərəkətin idarə edilməsini “Avtodor” həyata keçirəcək. Yəni S.Kelbax və Manasirin bu yol layihəsi ilə bağlı ümumi maraqları hələ 23 il davam edəcək.

“Stroyqazkonsaltinq” “Qazprom” şirkətinin tikinti üzrə əsas podratçılarından biridir. Bununla belə hazırda Ziyad Manasirin işləri yaxşı getmir. Ötən ilin payızından “Stroyqazkonsaltinq” “Qazprom”dan iri sifarişlər almır. Z.Manasir şikayətlənir ki, “Qazprom” indiyədək görülən işlərin də pulunu vaxtı-vaxtında vermir.

“Stroyqazkonsaltinq” əsas sifarişçisini itirəndən sonra Z.Manasir təcili olaraq öz holdinqi üçün dövlətdən yeni tərəfdaş axtarmağa başlayıb. Qəribə də olsa qaz sferasında tikinti ilə bağlı olmayan “Avtodor” belə tərəfdaş olub.

Ekspertlər hesab edirlər ki, Ziyad Manasir bu iri tenderi udmaq üçün S.Kelbaxa ya pul şəklində “haqq” verib, ya onu öz biznesinə şərik edib. Vaxtilə Z.Manasir “Qazprom”dan yaxşı sifarişlər almaq üçün bu şirkətin rəhbəri Viktor Çernomırdinin ailə üzvləri ilə öz biznesini bölüşürdü.

Geri qayıt