Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya Azərbaycana qarşı hansı planları hazırlaya bilər?
Rusiya Azərbaycana qarşı hansı planları hazırlaya bilər?28-04-2014, 12:32 |
|
Ukraynada cərəyan edən məlum hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsilə bağlı şimal qonşumuzun bir sıra politoloq və araşdırma mərkəzləri tərəfindən səslənən çoxsaylı təhlükəli ssenarilərin və proqnozların sayı durmadan artır. Hesab olunur ki, Kreml Ukrayna böhranından qalib çıxsa, Qarabağ münaqişəsinin çözümünə də artıq yeni prizmadan yanaşacaq. Məsələn. rusiyalı politoloq Aleksey Belkovski hesab edir ki, separatçı Dağlıq Qarabağı tanımaq hesabına prezident Vladimir Putin ABŞ, Kanada və Fransanın erməni diasporunun dəstəyini qazana bilər: "Ukraynanın bir hissəsində öz təsirini bərqərar edəndən sonra Putin, böyük ehtimalla, Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq. Mən hesab edirəm ki, Ukraynadan sonra Putinin qarşısında duran məsələ Dağlıq Qarabağı tanımaq olacaq. Belə bir addım hesabına o, ABŞ, Kanada və Fransanın erməni diasporunun dəstəyini qazana bilər ki, bu da xarici siyasət nöqteyi-nəzərindən onun üçün vacibdir". Moskva Karnegi Mərkəzinin "Daxili siyasət və Rusiya institutları" proqramının rəhbəri Liliya Şevtsova isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi regionda daimi gərginliyin saxlanması üçün bir vasitədir. Münaqişə Moskvaya Azərbaycan və Ermənistana eyni zamanda təsir etməyə imkan verir. Ekspert hazırda yalnız Ermənistanın deyil, həm də Azərbaycanın mürəkkəb vəziyyətdə olduğunu bildirir. Onun sözlərinə görə, Moskva Azərbaycanın Avropa qaz bazarında ona rəqib olmaması üçün hər şey edəcək. Amma Moskva Karnegi Mərkəzinin eksperti, Ermənistanla müqayisədə, Azərbaycanın vəziyyətinin daha yaxşı olduğunu deyir. Bakının malik olduğu iqtisadi resursların ona manevr imkanı verdiyini deyən L.Şevtsova hesab edir ki, Ermənistanın Rusiya qarşısında manevr imkanları yoxdur. L.Şevtsova Ukrayna hadisələrindən sonra Kremlin yeni strategiya həyata keçirməyə başladığını bildirib: "Bu strategiya ondan ibarətdir ki, Rusiya bundan sonra özünü "mühasirəyə alınmış qala" kimi aparacaq. Kreml düşmən axtarışı əsasında öz xalqını səfərbər edir. Nəhayət, Rusiya yeni "qalaktikanın mərkəzi" roluna iddia edir. Hansı ki, onun ətrafında əlaltıları fırlanmalıdır. Çətin ki, bu halda Rusiyanın qonşuları özlərini rahat hiss edə bilsin. Axı, onların başı üstündə dayanan nüvə dövlətidir". Moskva Karnegi Mərkəzinin eksperti Qərb-Rusiya qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda da qeyri-sabitlik yarada biləcəyini istisna etmir: "Faktiki olaraq, Rusiya Dnestrtyanı ərazi amili ilə Moldovanın parçalanması təhlükəsini saxlayıb. Məhz Dnestryanı ərazi amili Moldovanı zəiflədir. Amma Avropa Moldovanın təhlükəsizliyinə təminat vermək və onun Avropaya inteqrasiyasına şərait yaratmaq istəyir. Kreml başqa regionlarda, həmçinin Cənubi Qafqazda münaqişəli zonalardan istifadə edə bilərmi? Hesab edirəm ki, Kreml bunu heç vaxt planlarından çıxarmayıb. Putin doktrinası bu gün postsovet məkanında qeyri-stabilliyin yaradılmasına hesablanıb. Belə bir vəziyyət isə Moskvaya arbitr rolunu oynamağa imkan verir". Bir daha xatırladaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini də alovlandıraraq regionda gərginliyi artırmaq imkanlarına malikdir. Bu səbəbdən Qərbdə hesab olunur ki, münaqişənin həlli sürətlənməlidir. ABŞ-ın tanınmış politoloqu, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl bu xüsusda bildirir: "Beynəlxalq ictimaiyyət Bakı və İrəvan arasında birbaşa və davamlı danışıqların irəliləməsindən ötrü bacardığını etməlidir. Bu danışıqlar, sərhəd dəyişikliyi istisna olunmaqla, sərhədlərin bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ prinsipləri əsasında aparılmalıdır. Bakının bunu alqışlayacağına əminəm. Təəssüf ki, Moskvanın dəstəklədiyi İrəvan bununla razılaşmayacaq. Bunu birbaşa danışıqlara davamlı cəhdlərlə çözmək olar. Proseslərin yalnız Minsk Qrupu formatında buraxılması işə yaramayacaq". Ekspert hesab edir ki, Dağlıq Qarabağ münaqişə tərəfi deyil və danışıqlara cəlb olunmamalıdır: "Keçmişdə olduğu kimi, indi də əsas əngəl odur ki, Moskva münaqişənin həllini istəmir, çünki özünün bu münaqişədən faydalandığını düşünür. Moskva münaqişənin davam etməsində maraqlı olmasaydı, bu münaqişə istənilən vaxt və sürətlə başa çatardı. Təəssüf ki, Putin rejimi, ancaq bir variantı çıxmaqla, bunda maraqlı deyil. Həmin variant Bakının çoxtərəfli siyasət yürüdən müstəqil ölkədən Rusiya Federasiyasının peykinə çevrilməsidir". Tahir Tağıyev \\ faktxeber.com \\ Geri qayıt |