Əsas Səhifə > Güney Press / Ana xəbər > Zərdabda sahibkarlarla "Azərsu" arasında şok qalmaqal

Zərdabda sahibkarlarla "Azərsu" arasında şok qalmaqal


4-04-2014, 13:51
Zərdabda sahibkarlarla "Azərsu" arasında şok qalmaqal
Zərdab rayonundan olan sahibkarlarla Azərsu ASC arasında qalmaqal davam edir.

Qeyd edək ki, bir neçə gün öncə, Avropa.info Zərdab rayonu Sukanal İdarəsi rayondakı ticarət obyektlərinin sahiblərini şoka salacaq addım atdığı haqda məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, 3 ay öncə, Zərdab şəhərində yerləşən ticarət obyektlərinə pulsuz su sayğacı yerləşdirən Sukanal İdarəsi dünən həmin sayğacları söküb. Sahibkarlara həmin sayğacın eynisindən almaq tapşırılıb. Obyekt sahibləri su pulu ödədiklərini və Sukanal İdarəsinin sayğacı pulsuz quraşdırmaq borcunun olduğunu xatırlatsalar da, adı çəkilən qurumun rəhbərliyi Azərsu ASC-dən bu haqda tapşırıq aldıqlarını bildiriblər. Obyekt sahibləri isə su sayğacı üçün əlavə pul ödəmək fikirində olmadıqlarını bildiriblər. Bütün cəhdlərə baxmayaraq Sukanal İdarəsi ticarət obyektlərindəki su sayğaclarını sökərək , sahibkarlara qısa zaman ərzində su sayğacları almağı tapşırıblar. İdarədən bildiriblər ki, əks təqdirdə ticarət obyektləri cərimə olunacaqlar.

"Qanunvericiliyə uyğun olaraq qeyri-əhali qrupu abunəçiləri üçün su sayğacları sahibkarların vəsaiti hesabına, əhali abunəçiləri üçünsə dövlət vəsaiti hesabına quraşdırılır." Bu sözləri isə məsələyə münasibət bildirən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Avropa.info-ya demişdi.

A.Cəbrayıllının bildirmişdi ki , Zərdab şəhərində qeyri-əhali qrupu üçün quraşdırılmış su sayğaclarının dəyərinin ödənilməsi tələb olunur: "Bu günə qədər şəhərdə 86 qeyri-əhali abunəçisinə bununla bağlı bildiriş verilib və onların 36-sı sayğacların dəyərini ödəyib".

Azərsu ASC-nin cavabını yetərli hesab etməyən sahibkarlar isə, yenidən Avropa.info-ya müraciət ediblər. Onlar bildirirlər ki, Azərsu ASC-nin nəzdində olan Zərdab rayon Sukanal İdarəsinə rəsmi məktubla müraciət ediblər və idarədən gələn məktub çox mətləblərə aydınlıq gətirib. " Zərdab rayon Sukanal İdarəsinin bizə göndərdiyi rəsmi məktubda "Su Təhcizatı və Tullantı Suları" haqqında Azərbaycan Respublikası qanunun 31-ci maddəsinin 1-ci və 2-ci bəndinə istinad olunur. Lakin həmin maddə də qeyd olunur ki, fiziki şəxslərin su sayğacları istehlakçının hesabına quraşdırılır. Yəni orada sahibkarlıq obyektlərinə su sayğaclarının çəkilməməsi ilə bağlı bir cümlə belə yoxdur. Üstəlik , istinad edilən həmin 31-ci maddənin 2-ci bəndi artıq ləğv edilib. Görünür Azərsu-nun əməkdaşlarının bu bəndin ləğv olunmasından xəbərləri belə yoxdur. Eyni zamanda , bizə göndərilən rəsmi məktubda bildirilir ki, sahibkarlıq obyektlərinə su sayğacları quraşdıran "Hidrolotus" MMC səhv edib. Guya ki, "Hidrolotus" MMC səhvən sahibkarlıq obyektlərinə su sayğacları çəkib. Bu səhv də Azərsunun yadına su sayğacı çəkiləndən xeyli vaxt sonra düşüb. Bu gülünc bir bəhanədir. Azərsu "Hodrolotus"a çəkilən su sayğaclarının pulunu ödəməsəydi, şirkət bunu çəkməzdi."

Sahibkarlar qeyd edirlər ki, daha bir nüans ticarət obyektləri sahiblərinə satılması planlaşdırılan su sayğaclarının qiyməti ilə bağlıdır. " Azərsu ASC sahibkarlara satılması planlaşdırılan su sayğaclarının qiymətinin 238 manat , Zərdab rayon Sukanal idarəsi isə rəsmi məktubda 247 manat 23 qəpik göstərir. Bütün bu hallar onu göstərir ki, Azərsu ASC əslində , sahibkarlardan əsassız yerə pul toplamaq fikirindədir. Baxmayaraq ki, prezident İlham Əliyev dəfələrlə dövlət orqanlarına sahibkarlara mane olmamaq göstərişi verib , Azərsu ASC bununla Zərdabda sahibkarlıq fəaliyyətinə mane olur."

Sahibkarlar məsələ ilə əlaqədar , məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Geri qayıt