Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanın şimalındakı təhlükə digər regionlara da yayılır

Azərbaycanın şimalındakı təhlükə digər regionlara da yayılır


3-04-2014, 14:30
Azərbaycanın şimalındakı təhlükə digər regionlara da yayılır
Martın 27-də BMT Baş Məclisində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edildi. Bu qətnamənin qəbul edilməsi zamanı Azərbaycan nümayəndə heyəti Ukraynanın ərazi bütövlüyünün qorunmasına səs verdikdən sonra siyasi arenada belə bir fikir yaranıb ki, Rusiya Bakıya qarşı təzyiqlərə başlayacaq. Təzyiqlərin isə daha çox ölkə ərazisində separatizm siyasətinin aparılmasına dair olacağı bildirilir. Məsələ ilə bağlı Hafta.az açıqlama verən Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirdi ki, Rusiya Azərbaycan üçün həmişə təhlükədir:

“Hal-hazırda Rusiya keçmiş postsovet məkanında harada qaynar nöqtələr varsa, bunlar hamısı Rusiyanın separatçılığının nəticəsidir. İstər Moldova, Gürcüstan və digər ölkələr, o cümlədən, Azərbaycanda Dağlıq Qarabağ da bu qəbildən olan siyasətin nəticəsidir. Eləcə də Krım hadisələri Rusiyanın qonşu ölkələrə təzyiqinin ən güclü vasitəsidir. Azərbaycanda Dağlıq Qarabağdan başqa digər bölgələrdə də təzyiq faktları özünü göstərib. Azərbaycanda separatizm ocaqlarından biri şimal bölgəsidir. Konkret olaraq isə ləzgi separatizmidir. Zaman-zaman, daha doğrusu Azərbaycan müstəqillik qazanandan - 1991-ci ildən bəri "Sadval" təşkilatının adı ilə bu və digər formada bizə təzyiqlər etməyə çalışırlar. Lakin Şimal bölgəsinin Rusiya sərhədinə yaxın olması bu o demək deyil ki, təzyiqlər təkcə bu bölgələrdə müşahidə oluna bilər. Vaxtilə talışların kompakt halda yaşadığı cənub bölgəsində də Rusiyanın separatçılıq fəaliyyəti hətta İrandan da yüksək olub. İndi də həmçinin bu belədir. Çünki separatçıların əsas rəhbərləri Moskvada yerləşiblər. Onlar Rusiyanın dövlət qurumları tərəfindən himayə olunurlar. Buna görə də əgər Azərbaycana təzyiq ediləsi olsa həmin regionlarda eyni siyasət aparılacaq”.

Lakin İlham İsmayıl hesab edir ki, Rusiya hazırkı proseslərə görə Azərbaycana heç bir təzyiq edə bilməz:

“Ukrayna hadisələri Rusiya üçün beynəlxalq aləmdə heç də əlverişli şərait yaratmayıb. Qərb və ABŞ tərəfindən Rusiyaya qoyulan qadağalar ölkəni gərgin vəziyyətə salıb. Azərbaycanda isə Rusiyanın təzyiqi üçün əlverişli mühit yoxdur. Çünki hazırda ölkəmizdə nə seçki ərəfəsi deyil, nə də hakimiyyət üstündə ciddi mübarizə yoxdur. Eyni zamanda, Azərbaycan hakimiyyəti Rusiyaya qarşı elə bir ciddi əks addımlar atmayıb. Krımla bağlı Ukraynanın mövqeyini də çox diplomatik dillə izah edərək Ukraynanın tərəfində durmağımızdan Rusiyaya da məlum oldu ki, bu bizim Dağlıq Qarabağla bağlı siyasətimizdən irəli gəlirdi. Yəni separatçılıq Rusiyanın əlində təzyiq vasitəsidir, ancaq bu gün Rusiya bu vasitədən istifadə etmək şəraitində deyil”.

Geri qayıt