Əsas Səhifə > Güney Press / Ana xəbər > “Kəlbəcəri satmışam, gəlsinlər pulu bölüşək”

“Kəlbəcəri satmışam, gəlsinlər pulu bölüşək”


2-04-2014, 16:04
“Kəlbəcəri satmışam, gəlsinlər pulu bölüşək”
Bu gün Kəlbəcərin işğalından 21 il ötür. Kəlbəcərdən olan məşhur adlardan biri də İsgəndər Həmidovdur. Keçmiş daxili işlər naziri İ.Həmidov Hafta.az-a müsahibəsində rayonun işğalından və özünə qarşı ittihamlardan danışıb:

- Kəlbəcərin işğalının ildönümü ilə bağlı hansısa tədbir keçirdinizmi?

- Mənim həyatımda ağır günlər çox olub. Amma mən Kəlbəcərin işğal gününü həyatımın ən ağır günü hesab edirəm. Çünki faktiki vətənimiz Azərbaycanda biz qəribik. Hazırda isə Müsavat Partiyasının dəstəyi ilə tədbir keçirdik.

- Kəlbəcərin işğalında sizin ittiham olunmanız haqda nə deyə bilərsiz?

- Bəli, Kəlbəcərin işğalında məni ittiham edirlər. Kəlbəcəri satmışam, indi həmin pulu xərcləyirəm. Pul çoxdur, məni ittiham edənlər gəlsinlər, bölüşək.

- Bəs Kəlbəcərin işğalında AXC-nin günahı nə qədərdir?

- AXC-nin nə günahı ola bilərdi ki?! Kəlbəcər elə bir strateji mövqedə idi ki, Dağlıq Qarabağ ermənilərinin Ermənistana yalnız iki çıxış yolu vardı. Laçın koridoru və Kəlbəcərdən Göyçəyə çıxış yolu vardı. Ordada yüksəkliklər ermənilərdə idi. Kəlbəcər orada sonacan durum gətirə bilməzdi. Xatırlayırsınızsa, AXC iqtidarı iki nəfər aparıcı insanı - Arif Hacılı və Pənah Hüseyn Kəlbəcərə getdilər. Əgər Kəlbəcərin işğalında AXC-nin günahı vardısa, bunlar gedib orada oturmuşdular ki, ermənilər onları zəbt etsin?! Sonradan 6 rayon gedib, indi hər şeyi AXC ilə əlaqələndirirlər.

- Silah-sursat çatışmazlığı rayonun işğalında nə dərəcədə rol oynadı?

- Kəlbəcərdə kifayət qədər silah-sursat var idi. Yenə deyirəm, Kəlbəcər də çökəkdə idi, ətrafındakı yüksəkliklər isə ermənilərin əlində olub. Belə vəziyyətdə Kəlbəcərin durum gətirməsi çətin idi. Bizi ittiham edənlərə xatırladıram ki, Kəlbəcərin işğalında rus qoşunu iştirak etmişdi. Sonra məhkəmənin hökmü ilə 7 nəfərə ölüm cəzası verildi. Yeddisi də əfv edilmədən Yeltsinə qaytarıldı. İndi analiz edilsin ki, Kəlbəcərin işğalında kimin əli var.

- Bu gün kəlbəcərlilərin birliyi sizi qane edirmi?

- Bugünkü gün heç kimin birliyi məni qane etmir. Kəlbəcərlilərin də başqa rayonların nümayəndələri kimi bir hissəsini pulla alıblar, bir hissəsinə vəzifə veriblər, qalanı da balasından qorxur. Amma varlısı da, kasıbı da Kəlbəcər həsrəti ilə yaşayır.

- Jirinovskinin Qarabağla bağlı ittihamlarına cavabınız nədir?

- Dağlıq Qarabağın Rusiyaya birləşməsinin Jirinovskinin dilindən rus hakimiyyəti dedizdirir. Bu mənə “ağılsız köpəyin ulduza hürməyi”ni xatırladır. Ağlı olmayan itlər ulduza baxıb hürür. Jirinovskini də ruslar bizim üstümüzə qısqırdır. Dağlıq Qarabağla Rusiyanın nə əlaqəsi ola bilər ki?! Rusiya imperiya ambisiyasından əl çəkməyib. Ola bilər ki, uzaq müddət üçün belə bir planı var. Amma Dağlıq Qarabağa gəlib çıxmaq üçün gərək bütün Azərbaycanı işğal etsin. Bunu da etməyə qalxarsa, beynəlxalq aləm tərəfindən ciddi təzyiqlərlə üzləşəcək. Buna görə də heç kəs Dağlıq Qarabağı Azərbaycandan qoparda bilməz. Hələ ki, işğal altındadı, inşallah, nə vaxtsa bunun qarşısı alınacaq.

- Kəlbəcərin geri qaytarılmasında çıxış yolu kimi nəyi görürsünüz?

- Kəlbəcərin geri qaytarılmasında çıxış yolu yalnız hərbi vasitə ilə görürəm. Ölkə rəhbəri xalqa arxalanaraq hərbi yolla rayonu işğaldan azad etsin. Kəlbəcəri heç kəs elə-belə verməyəcək. BMT-nin qərarlarına baxmayaraq, bu məsələ sülh yolu ilə həll edilməyib. Kəlbəcər yalnız hərbi yolla azad olunmalıdı. İnşallah da azad olunacaq.

Geri qayıt