Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistanla sərhəd Şınıx sakinləri Gürcüstana niyə köçmək istəyir...

Ermənistanla sərhəd Şınıx sakinləri Gürcüstana niyə köçmək istəyir...


31-03-2014, 07:49
Ermənistanla sərhəd Şınıx sakinləri Gürcüstana niyə köçmək istəyir...
Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsinin sakinlərindən virtualaz.org saytının redaksiyasına maraqlı müraciət daxil olub.

Sakinlərin elektron poçtumuza göndərdiyi müraciətdə deyilir ki, onlar bu günlərdə internetdə ARDNŞ-in Gürcüstanda qazlaşdırma layihəsi ilə bağlı yeni xəbəri oxuyublar və bu ölkəyə köçməyin yollarını axtarırlar.

“Görünür Azərbaycanın hasil etdiyi təbii qazla qızınmaq üçün bizim başqa yolumuz yoxdur. Biz Gürcüstan əhalisinin güzəranının yaxşılaşmasının əleyhinə çıxan paxıl adamlar deyilik. Ancaq bu necə ola bilər ki, düşmənlə üz-üzə dayanıb ən ağır şərtlər altında yaşayan Azərbaycan vətəndaşları öz ölkəsinin təbii sərvətindən bəhrələnə bilmir və yanacaq dərdindən öz evindən didərgin düşür, amma Azərbaycanın qazı qonşu Gürcüstanın ən ucqar dağ kəndlərinə çəkilir. Özü də Azərbaycanın dövlət şirkəti-ARDNŞ tərəfindən?” deyə müraciətdə bildirilir.

Xatırladaq ki, Şınıx əhalisi ötən ilin yayında ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Ermənistana qaz verə bilərik” bəyanatına da bu cür lakonik və ironiyalı reaksiya vermişdilər. Sakinlər ARDNŞ prezidentinin bu bəyanatından “sevinərək” saytımız vasitəsilə R.Abdullayevdən xahiş etmişdilər ki, Ermənistana qaz kəməri çəkəndə ondan bir qol ayırıb Şınıx kəndlərinə yönəltsinlər.

Gədəbəyin Ermənistanla sərhəd, irili-xırdalı 28 kənddən ibarət Şınıx bölgəsində yanacaq problemi doğrudan da qəlizdir. Prezident İlham Əliyevin ölkənin ən ucqar bölgələrinin, ilk növbədə Ermənistanla həmsərhəd yaşayış məntəqələrinin qazlaşdırılmasına dair verdiyi göstərişə uyğun olaraq hələ 2010-cu ildə Şınıx bölgəsinə magistral qaz kəməri çəkilib. “Azəriqaz”ın hansı məhzəbə qulluq etdiyi bəlli olmayan podratçı şirkəti bölgənin cəmi bir kəndini qismən qazlaşdıraraq işləri yarımçıq qoymuşdu və ölkə prezidentinə həmin bölgədə qazlaşdırmanın guya başa çatdığı haqda raport verilmişdi.

Ancaq sonradan Şınıx sakinlərinin mətbuat vasitəsilə bu yalanın üstünü açmasından sonra həmin podratçı şirkət yarımçıq qoyduğu işin bir qismini tamamlayıb-bölgənin 4 kəndinə qaz verilib. Elə o vaxtdan da qazlaşdırma layihəsi yarımçıq qalıb. Sakinlərin redaksiyamıza göndərdiyi və bölgənin yanacaq dərdindən uzun-uzadı bəhs edən müraciətdə deyilir ki, Şınıxın Zamanlı, Arabaçı, Mor-Mor, İsalı və digər kəndlərinin sakinləri illərdir müraciət etmədikləri ünvan qalmayıb.

“Cənab prezident göstəriş vermişdi ki, sərhədyanı yaşayış məntəqələri ilk növbədə qazlaşdırılsın. Niyə bu göstərişə əməl olunmur? Necə ola bilər ki, dövlət bu qədər xərc çəkib Şınıx bölgəsinə magistral qaz kəməri çəkir, ancaq həmin kəmərdən kəndlərə qaz paylanmır? Hörmətli Rövnəq Abdullayevdən soruşuruq: Azərbaycan qazına qızınmaq üçün gürcü olmalıyıq? Gürcüstana köçməliyik? Əgər Azərbaycanın belə imkanı varsa niyə düşmənlə üz-üzə, ən ağır şərtlər altında yaşayan Şınıx bölgəsinin kəndlərini qazlaşdırmır və meşələrin amansızlıqla qırılıb tükənməsinə göz yumur, ancaq Gürcüstanın ən ucqar dağ kəndlərini qazlaşdırıb bunun xəbərini fəxrlə yayır? Biz bunu necə başa düşək?” deyə sakinlərin müraciətində bildirilir.

İnternetdə ARDNŞ-in Gürcüstanda qazlaşdırma layihəsini uğurla davam etdirdiyinə dair xəbər doğrudan da var və bu xəbər martın 28-də yayılıb. (Maraqlı nüans budur ki, qızınmaq üçün ibtidai icma dövrünün üsullarından istifadə edən bölgədə xəbərləri internetdən izləməyə imkan var. Bu da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ölkədə qazlaşdırmaya cavabdeh olan ARDNŞ arasında iş fərqini göstərir.-red). Həmin xəbərdə deyilir ki, Gürcüstanın Xaşursk rayonunun Surami kəndində 14.5 kilometrlik qaz kəmərləri şəbəkəsinin çəkilməsi başa çatdırılıb. Nəticədə kəndin minə yaxın əhalisi Azərbaycan qazını almaq və yandırmaq imkanı əldə edib. Gürcüstanın qaz təchizatının 75 faizi ARDNŞ-in payına düşür. ARDNŞ Gürcüstanın qaz təchizatına törəmə şirkəti “SOCAR Georgia Gas.” vasitəsilə nəzarət edir.

ARDNŞ Gürcüstanın Xaşursk rayonunun daxil olduğu ucqar Şido-Kartli bölgəsində indiyədək cəmi 258 kilometrlik qaz kəməri çəkib, 11 minə yaxın abonenti qazla təmin edib. Gürcüstanın Energetika Nazirliyinin planına əsasən bu ilin sonuna qədər ölkə üzrə daha 86 min abonent qaz şəbəkəsinə qoşulacaq. Bundan sonra ARDNŞ Gürcüstanın daha 252 kəndini qazlaşdırmaq üçün işə başlayacaq.

Göründüyü kimi Ermənistanla sərhəd Şınıx kəndlərinin sakinlərinin Gürcüstanın ucqar dağ kəndlərinin sakinlərinə həsəd aparması və bu ölkəyə köçmək niyyətinə düşməsi (ironik də olsa) haqlıdır. Gürcüstanda qazlaşdırma layihəsini həyata keçirən də Azərbaycan dövləti və onun şirkətidir, gürcü vətəndaşların yandırdığı qaz da Azərbaycanda, Xəzərdə çıxarılır.

Prezident İlham Əliyev ARDNŞ qarşısında 2013-cü ilə qədər ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə qaldırılması vəzifəsini qoymuşdu. Ancaq bu vəzifə yerinə yetirilməyib və ölkə üzrə qazlaşdırma səviyyəsi hazırda 85 -88 faizdir. Prezidentin göstərişinin bu cür yarıtmaz yerinə yetirilməsinə görə ARDNŞ və onun korrupsiyalaşmış strukturu “Azəriqaz” tənbeh edilməyib. Hərçənd ki, ARDNŞ Gürcüstanda qazlaşdırmanı daha sürətlə və aparır və bunu qış aylarında soyuqdan donan, qızınmaq üçün qiymətli ağac növlərini kəsib-doğrayan Şınıx sakinlərinə izah etmək doğrudan da çətindir...

Geri qayıt