Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya Azərbaycana qarşı separatizm silahını istifadə edəcəkmi?

Rusiya Azərbaycana qarşı separatizm silahını istifadə edəcəkmi?


27-03-2014, 17:24
Rusiya Azərbaycana qarşı separatizm silahını istifadə edəcəkmi?
Bir çox ekspertlər Krımın Rusiyaya birləşdirilməsindən sonra Azərbaycanın şimalına təhlükə yarandığı barədə proqnozlar verməyə başlayıblar. Ekspertlər hesab edirlər ki, Krım hadisələri Rusiyanın “Gömrük ittifaqı” layihəsini alternativ yolla həyata keçirməsidir. Mövcud proseslərdən kənarda qalmaq istəyən hər bir ölkəyə Rusiya tərəfindən güc tətbiq olunacaq. Rusiya Azərbaycanda separatçılıq yaradacaqmı?

Hafta.az-ın debatında sual ətrafında Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl və politoloq Ərəstun Oruclu fikir mübadiləsi apardılar.

İlham İsmayıl hesab edir ki, Rusiyanın Azərbaycana etdiyi təzyiqlər Krım hadisələrindən çox əvvəl başlayıb və davam etməkdədir:

“Azərbaycanda separatizm ocaqlarından biri şimal bölgəsidir. Konkret olaraq isə ləzgi separatizmidir. Zaman-zaman, daha doğrusu Azərbaycan müstəqillik qazanandan - 1991-ci ildən bəri "Sadval" təşkilatının adı ilə bu və digər formada bizə təzyiqlər etməyə çalışırlar. Amma Krım və ləzgi məsələsi eyni məsələ deyil. İkincisi isə təzyiq vasitəsi Rusiyanın əlində həmişə var. Yəni bu, təkcə şimaldan ibarət deyil. Ortada hamıya məlum olan Qarabağ kartı var”. Rusiyanın hansısa maraqları Azərbaycan tərəfindən ödənərkən Rusiya rahat formada ləzgiləri təhvil verə bilir. Ləzgilər özləri də etiraf edirlər ki, “Sadval” cəmiyyətinin üzvlərinin həbs olunmasında Rusiyanın özünün informasiyası rol oynayıb. Amma təbii ki, şimal bölgəsi Rusiyanın əlində bir “kozer”dır”.

Politoloq Ərəstun Oruclu isə hesab edir ki, “Sadval” təşkilatı mövcud vəziyyətdə çox kiçik detaldır. Rusiya “Gömrük İttifaqı” layihəsini alternativ üsullarla həyata keçirməyə çalışır:

“Əgər Rusiya düşünürdüsə Krımı ələ alacaq, bunu etməkdə onun problem olmamalı idi. Bəlkə də elə məhz belə bir hadisənin Ukraynada baş verməsi Rusiyanın planlı fəaliyyəti idi ki, onun dinc yolla həyata keçirə bilmədiyi “Gömrük İttifaqı”, “Avrasiya Birliyi” ideyasını təzyiqlər etməklə gerçəkləşdirsin. Yəni proseslər göstərir ki, Ukraynadan sonra Azərbaycanın da növbəsi gələcək. Rusiya adıçəkilən layihələrdə öncə danışıqlar yolu ilə birləşdirməyə çalışdığı ölkələri, bu baş tutmayınca təzyiq etmək vasitəsilə bir araya gətirməyə çalışacaq.

Rusiyanın “Sadval” cəmiyyətindən deyil, düşünürəm ki, Azərbaycan-Gürcüstan konflikti yaratmaqla, ölkəmizə təzyiq edəcək. Bu ilk baxışdan qeyri-adi səslənsə də, ancaq bizə daxil olan məlumatlara görə, hər iki ölkədə azərbaycanlılar yaşayan ərazilərdə artıq separatçı əhvali-ruhiyyə yaradıblar. İkinci variant isə Azərbaycan daxilindəki müxtəlif siyasi qüvvələri qızışdırmaqla ölkədə çeşidli təxribatçılar göndərə bilərlər. Rusiyanın təsir vasitələri kifayət qədərdir. Lakin “Moskva düşünməlidir” ki, məcburi şəkildə birlik yaratmaq olmaz. Birlik üçün ölkələrin ümumi maraqları olmalıdır. Burada isə bir ümdə maraq var, o da Rusiyanındır. Sağlam siyasi düşüncəyə görə isə güc vasitəsi ilə bu birliyin yaradılması qeyri-mümkündür. Rusiya Ukraynadakı separatizm siyasətini davam etdirir. Ancaq Rusiya bu qədər əraziyə təsir etsə də, sonradan bu əraziləri idarə etməyə gücü çatmayacaq. Ukrayna hazırda Rusiyaya heç bir güc tətbiq etmir. Çünki bu yolla rusları daha da qızışdırmaq istəmir. Rusiya hazırda “dava-dava” oynayan uşağa bənzəyir. Lakin özü-özü ilə oynayır”.

Geri qayıt