Əsas Səhifə > Güney Press / Manşet > Xəzər icra hakimiyyətində saxta diplomlu şöbə müdirinin işi təftiş olunur
Xəzər icra hakimiyyətində saxta diplomlu şöbə müdirinin işi təftiş olunur7-03-2014, 16:02 |
![]() DİA.AZ: - Keçən günlərdə Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri İmran Qəmbərovun ali təhsil diplomunun saxta olması barədə verdiyimiz informasiya böyük rezonans doğurub. Artıq aidiyyəti dövlət qurumlarının, həmçinin hüquq mühafizə orqanlarının bu məsələ ətrafında ciddi araşdırmalara başladığı barədə məlumat aldıq. Söhbət uzun illərdir İ.Qəmbərovun qanunsuz yolla ali təhsil diplomu əldə edərək müvafiq dövlət orqanlarında vəzifə tutmasından və bu vəzifələrin ona verdiyi imtiyazlardan istifadə etməsindən gedir. *** Xatırladırıq ki, hələ ötən ilin dekabrında “Təzadlar”da Xəzər rayonu Buzovna qəsəbə sakinlərindən bir qrupunun şikayəti dərc olunmuşdu. Şikayətçilər qəsəbənin bəzi kommunal problemlərinin günahkarı kimi məhz İ.Qəmbərovun adını çəkmişdilər. Məlum olurdu ki, İ.Qəmbərov uzun illər burada MİS rəisi işləmişdir. “Amma İmran Qəmbərov mövcud problemlərə açıq şəkildə göz yummuşdur”, deyə şikayətdə bildirilirdi. Və ardınca onun ali təhsil sənədinin şübhəli olması qeyd olunurdu... Həm də məlum olurdu ki, o, bir neçə ay əvvəl Xəzər RİH-ə yeni vəzifəyə təyinat almışdır. Əvvəllər Buzovna qəsəbəsi 1 saylı Xüsusi təyinatlı MKTB-nin 111 saylı MİS-nin rəisi, 14 saylı DSK-nın sədri olmuş İmran Qəmbərovun necə ola bilərdi ki, ali təhsil sənədində şübhələr olsun və bunun üstü açılmasın? Özünə müraciət edib mövqeyini öyrənməyə çalışsaq da, İ.Qəmbərov əməkdaşımıza sayğısızlıq, qanunlarımıza hörmətsizlik etmişdi. Belə ki, biz həmin vaxt məsələyə dair araşdımalara qərar verdik və əvvəlcə ali təhsil diplomu şübhəli olduğu deyilən İmran Qəmbərovla telefonda danışdıq. Əməkdaşımızı iş yerinə dəvət edən İ.Qəmbərov onu 4 saat gözlədəndən sonra görüşdən imtina etmişdi. Bu da təbii idi. Çünki deməyə sözü, göstərməyə sübutu olsaydı, belə etməzdi... Və biz də məsələyə qanun çərçivəsində yanaşmaq qərarı verdik. Beləliklə, həm Təhsil Nazirliyi ilə, həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqə saxladıq, rəsmi sorğu göndərdik. Sorğuda İ.Qəmbərovun ali təhsil müəssisələrinə test yolu ilə (yəni qanuni yolla) qəbul olunub-olunmaması soruşulurdu. Həm də bizə təqdim olunmuş şikayət məktubunda onun Bakıdakı hələlik adını çəkmək istəmədiyimiz bir məktəb direktorundan filan məbləğə Azərbaycan Müəllimlər İnstitutu Qazax Filialının diplomunu alması bildirilirdi. Nəhayət, TQDK-dan sorğumuza verilən rəsmi cavabda deyilirdi: “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 06 fevral 2014-cü il, 03-154 saylı rəsmi məktub “Təzadlar” qəzeti redaksiyasına! Sizin TQDK-ya ünvanlanmış təkrar sorğunuza cavab olaraq bildiririk ki, Qəmbərov İmran Abbas oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiası tərəfindən 1992-ci ildən etibarən keçirilən qəbul imtahanları nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına qəbul olmamışdır. Hörmətlə, Nərminə Bayramova, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri”. *** Dünən məlumat aldıq ki, Xəzər RİH rəhbərliyi artıq İ.Qəmbərova hələki könüllü şəkildə ərizə yazıb işdən getməyi təklif edib. Lakin İ.Qəmbərov hələki dirəniş göstərir, müxtəlif bəhanələrlə qanunsuz yolla tutduğu vəzifəsini tərk etməkdə çətinlik çəkir. Amma bilə-bilə ki, vəzifəsini könüllü, öz ərizəsi ilə tərk etsə belə, bu onu törətdiyi əməlindən sığortalamır, hansı ki, bu əmələ hüquq mühafizə orqanları hüquqi qiymət verir... Mövzuya qayıdacağıq. “Təzadlar”ın Araşdırma Qrupu Geri qayıt |