Əsas Səhifə > Güney Press / Ana xəbər > Fətullah Gülən məktəblərini ARDNŞ-ə verdi, yoxsa işbirliyi qurdu?
Fətullah Gülən məktəblərini ARDNŞ-ə verdi, yoxsa işbirliyi qurdu?7-03-2014, 13:02 |
![]() Türkiyədə baş nazir Ərdoğan və onun hökuməti ilə Fətullah Gülən arasında mübarizənin şiddətləndiyi bir vaxtda Azərbaycanda da bu təriqətin dövlət strukturlarında adamlarını yerləşdirməsi gündəmə gəlib. Fətullahçıların Azərbaycanın milli təhlükəsizliyi üçün təhdid təşkil etdiyi barədə müzakirələrin getdiyi bir vaxtda bu təriqətə bağlı məktəblərin və universitetin “ictimailəşdirildiyi”, yaxud indiyədək mənsub olduğu “Çağ Öyrətim” şirkətinin əlindən alıb ARDNŞ-ə verildiyi haqda xəbər yayılıb. Bu xəbər Türkiyə mediasında ildırım sürəti ilə “Azərbaycanda Fətullah Gülənə ağır zərbə” başlıqları ilə durmadan tirajlanmaqdadır. Lakin Fətullah Gülənin əsas media yayım orqanlarından biri olan “Samanyoluhaber” bu xəbərin yalan olduğunu, əslində camaatın Azərbaycandakı məktəblərinin “Çağ Öyrətim”in əlindən alınmadığını, məsələnin əsl mahiyyətinin əslində “Çağ Öyrətim”lə ARDNŞ arasında əməkdaşlığın qurulmasından ibarət olduğunu yazıb. Virtualaz.org saytının xəbərinə görə, “Samanyoluhaber” bildirir ki, əslində söhbət 2013-cü ilin martında Azərbaycanda “Çağ Öyrətim”lə ARDNŞ arasında imzalanmış razılaşmadan gedir. Həmin tarixdə ARDNŞ-in nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil Mərkəzi ilə “Çağ Öyrətim” arasında əməkdaşlıq sazişi imzalanıb. Məqsəd ARDNŞ-in xaricdəki törəmə şirkətləri üçün beynəlxalq standartlara uyğun işçilərin hazırlanmasıdır. Əməkdaşlıq protokolunu ARDNŞ-in baş ofisində “Çağ Öyrətim”in rəhbəri, Fətullah Gülənin Azərbaycandakı əsas adamı olan və bu günlərdə “hocasına” yazdığı sensasion məxfi məktubu üzə çıxan Ənvər Özverenlə ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov imzalayıblar. Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev də iştirak edib. R.Abdullayev tədbirdə çıxışı zamanı prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi strategiyasından bəhs edib və “Çağ Öyrətim”lə imzalanan əməkdaşlıq protokoluna çox əhəmiyyət verdiklərini bildirib. O deyib ki, peşəkar mütəxəssislərin biznes dünyası üçün əhəmiyyəti böyükdür. R.Abdullayev ARDNŞ-in belə mütəxəssislərdən qıtlıq çəkdiyini də deyib: “Məsələn, İsveçrənin Sürix şəhərində yerləşən şirkətimizdə 2 min insan işləyir. İsveçrə qanunlarına görə, bir xariciyə nisbətdə üç isveçrəli işə götürülməlidir. Buna görə də Sürixdəki ofisimizdə 500 Azərbaycan vətəndaşını işlə təmin edə bilərik. Ancaq orada 10 azərbaycanlı belə yoxdur. Çünki peşəkar mütəxəssis tapa bilmirik”. ARDNŞ prezidenti bu boşluğu doldurmaq üçün Beynəlxalq Təhsil Mərkəzi ilə “Çağ Öyrətim” arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Onsuz da bu şirkətlə əməkdaşlığımız var idi. “Çağ Öyrətim”in açdığı təhsil müəssisələrinin məzunları önəmli karyera qurublar. Bu təcrübəni Beynəlxalq Təhsil Mərkəzi nəzdində də davam etdirəcəyik”. Tədbirdə çıxış edən Ənvər Özveren isə bundan sonra şirkətin beynəlxalq fəaliyyətlərini Azərbaycanın Beynəlxalq Təhsil Mərkəzi nəzdində davam etdirəcəkərini deyib. Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğan da jurnalistlərlə söhbətində Azərbaycanda fətullahçıların məktəblərinin ictimailəşdirildiyi, əllərindən alındığını eşitdiyini deyib. O, Pakistanda və Qazaxıstandakı Gülən məktəblərinə də “əl qoyula biləcəyini” deyib. Lakin belə görünür ki, Ərdoğan sevinməkdə tələsib. Azərbaycandakı Fətullah məktəbləri bu təriqətin əlindən alınmayıb, əksinə, ölkə iqtisadiyyatının sütunu olan ARDNŞ xaricdəki törəmə şirkətlərininin işçi tələbatını fətullahçı məktəblərin məzunları hesabına ödəmək üçün əməkdaşlıq qurub. Bu isə növbəti dəfə Fətullah Gülənin şəbəkəsinin Azərbaycanın dövlət strukturlarında hansısa gizli planlarını həyata keçirmək üçün durmadan möhkəmləndiyini sübut edir. Bir neçə gün əvvəl Türkiyə hökumətinə yaxın qaynaqlar fətullahçıların ARDNŞ-də də ciddi ölçüdə təşkilatlandığını xəbər vermişdi. Geri qayıt |