Əsas Səhifə > Güney Press / Ana xəbər > Əli İnsanov Binədəki həbsxanaya köçürülür
Əli İnsanov Binədəki həbsxanaya köçürülür6-03-2014, 17:07 |
![]() Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq səhiyyə naziri Əli İnsanov Binə qəsəbəsindəki 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək. Məlumatı “Media forum” saytına vəkil Toğrul Babayev verib. Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli məhkəmə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılması ilə əlaqədar Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb. Proses başa çatdığına görə Əli İnsanov istintaq təcridxanasından yenidən cəzaçəkmə müəssisəsinə köçürülməlidir. Vəkil Toğrul Babayev “Media forum”a açıqlamasında xatırladıb ki, sabiq nazirin əvvəllər saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsi Qaradağ rayonu ərazisində yerləşir: “Əli İnsanov isə paytaxtın Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində qeydiyyatdadır. Qanunvericiliyə görə, məhkum qeydiyyatda olduğu yaşayış ünvanına yaxın cəzaçəkmə müəssisəsinə yerləşdirilməlidir. Buna görə də Penitensiar Xidmətin rəisi Mədət Quliyevə və Bakı İstintaq Təcridxanasının rəisinə məktubla müraciət etdik. Onlardan xahiş etdik ki, Əli İnsanovu qeydiyyatda olduğu yerə yaxın cəzaçəkmə müəssisələrindən birinə köçürsünlər. Çünki ailə üzvləri onun yanına gedib-gələndə əziyyət çəkirlər. Bakı İstintaq Təcridxanasının rəisi ilə görüşdüm. Rəis dedi ki, ərizəyə baxılıb və Əli İnsanov Binədəki 2 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdiriləcək. O bildirdi ki, Binəqədi rayonuna daha yaxın olan 10 saylı Cəzaçəkmə Müəssisəsində sıxlıqdır, ona görə də Əli İnsanov 2 saylı müəssisəyə köçürüləcək. Köçürülmə bir-iki günə həyata keçirləcək”. Vəkil onu da qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin Əli İnsanovla bağlı qərarını alıblar və yaxşın günlərdə həmin qərardan şikayət verəcəklər. Geri qayıt |