Əsas Səhifə > Güney Press / Ana xəbər > “Valideyn gəlib yaxamdan yapışır ki, oğlum Suriyaya gedib”
“Valideyn gəlib yaxamdan yapışır ki, oğlum Suriyaya gedib”21-02-2014, 17:36 |
|
Son günlər Suriyada döyüşüb həlak olan azərbaycanlılarla bağlı xəbərlər daha da artmağa başladı. Bunların içərisində ən çox diqqətçəkən isə odur ki, həlak olanların əksəriyyəti sumqayıtlıdır. Zaman-zaman təhlükəsizlik orqanlarının Sumqayıtda dini qruplaşmaları zərərsizləşdirməsi haqda məlumatlar da yayılıb. NİYƏ MƏHZ SUMQAYITLILAR? Bir neçə gün öncə də Qafqaz Müsəlmanları İdarəsinin iclasında Hacı Surxay Suriyaya gedənlərin məscidlərdən yönləndirildiyini və bu səbəbdən Aşurbəy məscidi ilə bağlı araşdırma aparılmasını istəmişdi. Bunları nəzərə alaraq Sumqayıtda əhli-sünnələrin toplaşdığı məscidlərə baş çəkdik. Son zamanlara qədər adı vəhhabilərlə bağlı xəbərlərdə hallanan şəhərin 6-cı mikrorayonunda yerləşən Cümə məscidində olduq. Məscidin həyətində qadınlara başıaçıq gəzməməyi tövsiyə edən lövhə diqqətimizi çəkdi. Namaz vaxtı olduğundan məsciddə adam çox idi. Amma girişdəki möhürlər, təsbehlər və namaz qılanların bundan istifadəsi məscidə daha çox şiə məzhəbi nümayəndələrinin yığışdığı qənaətinə gəlməyə əsas verirdi. “QOY PULUM DÜZƏLİB 2 MANAT OLSUN, EVƏ “BUD” ALACAĞAM, ANAM GÜNORTAYA BİŞİRSİN” Girişdə Hüseyn adlı 10-12 yaşlı bir uşaq ayaqqabılara nəzarət edir, bunun əvəzində isə namaza gələnlərdən müəyyən miqdarda pul umurdu. Ona istədiyi pulu verdikdən sonra daha da əlavəsini istədiyində bunun səbəbini soruşduq. “Qoy pulum düzəlib 2 manat olsun, evə “bud” alacağam, anam günortaya bişirsin” dedi. İstədiyi əlavə pulu da verib məscidə daxil olduqda artıq sakinlər namaz qılırdı. Buna görə icma rəhbərliyi ilə görüşmək üçün gözləməli olduq və bu müddətdə ibadət edənləri izlədik. Kimisi namaz qıla-qıla içəri girən hər kəsi salamlayır(?), kimisi ayaqlarında hansısa problem olduğu üçün tam otura bilmədiyinə görə balaca stulda əyləşib ibadətini edirdi. İbadət vaxtı bir epizod da diqqətimizi çəkdi: İki-üç yaşlarında olan bir oğlan və bir qız onları bura gətirib özü ibadət edən babalarını namaz qılanların arasında axtarır, adamların arası ilə gəzib “baba, baba” deyib insanları səcdədən qaldırıb, üzlərinə baxırdılar. Namaz başa çatdıqdan sonra məscidin imamı Hacı Rauf yerində olmadığına görə köməkçisi Arazla görüşdük. O isə vəhhabilərin artıq bura gəlmədiyini, Ceyranbatandakı məscidə yığışdıqlarını söylədi. Bizə də həmin ibadət evinə getməyi məsləhət bildi və özü hər hansı mövzuda danışmaq səlahiyyətinin olmadığını bildirib sağollaşdı. Bundan sonra məscidin digər əməkdaşından şiələrdən Suriyaya gedənlərin olub-olmadığını soruşduqda “Şiələr harasa gedib vuruşandılarsa, elə gedib Qarabağda, Göyçədə vuruşardılar” deyə cavab verdi. Daha sonra Ceyranbatanda yerləşən məscidə üz tutduq. Rəsmi adı “Ceyhun xanım və Hacı Əhməd” olan məscidə daxil olduğumuz zaman içəridə bir nəfər namaz qılırdı. Kiminləsə görüşmək üçün ondan məlumat ala biləcəyimizi düşünüb gözlədik. Amma həmin şəxs bu məsciddə birinci dəfə olduğunu, yoldan keçərkən dönüb namaz qıldığını dedi. Bundan sonra məscidin yan tərəfində yerləşən tikilidə icmanın rəhbəri ilə görüşdük. İmam Ziyad Hüseynov müsahibə vermək üçün tabeliyində olduğu Cümə məscidinin axundu Hacı Raufdan və ya QMİ-dən icazə almalı olduğumuzu bildirdi. Z.Hüseynov danışmağa və foto çəkməyə razılıq verməsə də, bu mövzuda bir az söhbət etdik. HAŞİYƏ: Bu məlumat rəsmi mövqe deyil, sadəcə, dini təriqətlər arasındakı fərqi və onların hər hansı məsələyə necə yanaşdıqlarını anlatan nəzəri biliklərdi. “NİYƏ YALNIZ SURİYA BELƏ QABARDILIR?” İcmanın rəhbəri dedi ki, məscid hazırda fəaliyyət göstərir: “Azca təmir gedir. Cümə günləri burada 1000 nəfərə yaxın adam olur, hətta məscidin həyətində də namaz qılınır. Məscidin 4 müəllimi var, Bakı İslam Universitetində dərs deyənlər var. Xarici təhsilimiz var, Türkiyədə oxumuşuq. Buranın adı Ceyranbatan məscidi kimi tanınır. Burada Suriya ilə bağlı hansısa bir problem yoxdu. Bizim niyyətimiz odur ki, Azərbaycan millətçiliyini, dövlətçiliyini qoruyaq və özümüz də Allahın dininə ibadət edək. Beş qardaşın hamısı bir olmur ki. Biri problemli olanda ona görə qalan dördünü ittiham etmək doğru deyil. Ona görə mövqeyə geniş baxmaq lazımdır. Bundan öncə İraq da vardı, Fələstin də, Əfqanıstan da vardı. Orada da azərbaycanlılar vardı. Niyə yalnız Suriya belə qabardılır? Bu mözvuda istədiyiniz şeyi bir şəxsdən ala bilməzsiz”. İmam bildirib ki, onlar yalnız dini fəaliyyətlə məşğul olurlar: “Bizim vəzifəmiz hər cümə günü, namazdan əvvəl, namazdan sonra Allahın kitabını, dinini, Peyğəmbərini anlatmaqdır. Bizim işimiz dini fəaliyyət göstərməkdir. Suriyaya gedib-gəlmək və s. məsələlər siyasi şeylərdi. Din altında gedən bir siyasətdir. Onu kimin etdiyini heç kəs deyə bilməz. Yaxın günlərdə bir valideyn gəlib yaxamdan yapışıb ki, oğlum Suriyaya gedib. Hanı? Valideyn gedib Sumqayıtdakı Cümə məscidinə, oradan da mənim yanıma göndəriblər. Mən də dedim ki, övladının şəklini göstər görüm tanıyırammı? Göstərdi, baxdım ki, mən heç o adamı burda görməmişəm. Dediyim kimi 1000-1200, yayda 2000 adam olur burda. Mən onların hamısını tanıya bilmərəm ki”. Z.Hüseynov deyib ki, Suriyaya gedənlər ümumiyyətlə, bu məscidə gəlmir: “Onlar məni, mənim müəllimimi qəbul etmirlər. Mən əhli-sünnəyəm, amma sələfi deyiləm. Hənəfi məzhəbindənəm. Əhli-sünnənin dörd məzhəbi var: Hənəfi, Şafi, Maliki, Həmbəli. Azərbaycanda Hənəfi ilə Şafi məşhurdur. Dediyimiz vəhhabilik, təqfirçilik, sələfilik 19-cu əsrdə yarananlardı. Özlərini əhli-sünnə kimi göstərən dini-siyasi bir ideologiyadır. Onlar məzhəbçiliyi qəbul etmirlər. Məni qəbul etməyən adam necə ola bilər ki, mənim sözümlə harasa getsin?! Onlar məscidə gəlmir, evlərdə toplaşırlar”. İcmanın rəhbəri Suriya məsələsində heç bir məscidin mənbə olmadığını deyib: “Bu sonuncu dediyimiz məzhəblər öz aralarında da fərqli olurlar. Vəhhabilər loyallardı və bizi qəbul edirlər. Sələfi də bizi qəbul edir, bunlar vəhhabiliyin üst təbəqəsi sayılır. Təqfirçi ilə xəvariclər nə vəhhabini, nə sələfini, nə də bizi qəbul edirlər. Suriyaya gedənlərin əksəriyyəti vəhhabi və sələfiliyin kənarındakı insanlar, yəni xəvariclər və təqfirçilər olur. Sələfilər dövlətinə, millətinə qulluq edən şəxslərdir. Bizim Qarabağ kimi problemimiz var, bu qala-qala gedib kiminsə tərəfində vuruşmarıq. Suriyaya gedənlər isə bura gəlmir və bizi qəbul etmirlər. Suriya məsələsində heç bir məscidin günahı yoxdur”. Bundan sonra imamla sağollaşıb çıxdıq. Z.Hüseynov bizi yola salarkən cəmiyyətdə vəhhabilərin niyə təhlükəli şəxs kimi tanınması haqda danışdıq. Qarşı tərəf Suriyadakı ölümlərində məscidləri günahlandırsa da, bizim araşdırdığımız məscidlərdə buna işarə edəcək hala rast gəlmirik. Təbbi ki, bunları bizə danışan şəxslərin subyektiv fikirləridir. Bu mövzuda reportajlarımız davam edəcək. Geri qayıt |