Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərsu” və su haqq-hesabı
“Azərsu” və su haqq-hesabı19-02-2014, 16:30 |
![]() Oğuz-Bakı su kəməri tikilib başa çatsa da, layihə ətrafında müzakirələr davam edir. Müzakirələrə səbəb olan əsas məqamlar həm borunun keçdiyi torpaqlar, həm vətəndaşlara verilməli olan kompensasiya, həm də kəmər işə düşəndən sonra Bakının su təminatında dəyişikliyin olub-olmayacağı ilə bağlıdır. İqtisadçı ekspert Rövşən Ağayev “Media forum”a deyib ki, “Azərsu”nun kəmərlə Bakıya ötürülən suyun həcmi barədə məlumatı reallığı əks etdirmir. “Azərsu” bildirir ki, Oğuz-Bakı kəməri ilə hazırda Bakı şəhərinə saniyədə 4,1 kubmetr su ötürülür və kəmərin sayəsində Bakı şəhərinin orta hesabla 78 faizi 24 saat keyfiyyətli su ilə təmin edilir. Ekspertin fikrincə, bu məlumatın şübhə altına alınması üçün əsaslar var: “Saniyədə 4.1 kubmetr su sutkada 354 min kubmetr və ya 354 milyon litr su deməkdir. Hətta hesab etsək ki, kəmərdən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu da su alır, belə bir nəticə ortaya çıxır: əhalisi rəsmi məlumata görə, 2.7 milyon nəfər olan Abşeron yarımadasına Oğuz kəməri vasitəsilə adambaşına orta hesabla sutkada 130 litr su verilir. Hökumətin qüvvədə olan standartına görə isə, əgər fasiləsiz su rejimi təmin olunsa, bir nəfər gündə 200 litr su istehlak edə bilər. Dünyada da 150-200 litr norma sayılır. İndi belə çıxır ki, Bakı ərazisində əhalinin su istehlakının azı 60 faizini Oğuz-Bakı kəməri təmin edir? Sizə inandırıcı görünürmü? Nəzərə alın ki, yarımadaya bu kəmərdən əlavə 5 müxtəlif mənbədən su gəlir. Hökumətin də dediyinə görə, həmin 5 mənbədən üst-üstə saniyədə 13 kubmetr, gündə adambaşına azı 350 litr su daxil olur”. Rövşən Ağayev deyir ki, “Azərsu” informasiya əlçatanlığını təmin etməlidir: “Saytlarında “Su təchizatı cədvəli” adı altında bir bölmə yaradılmalıdır. Həmin bölmədə rayonlar və şəhərlər üzrə istehlakçıların neçə faizinin 24 saat, neçə faizinin bundan az müddətdə su aldığını cədvəlləşdirməli, bu məlumatlar müntəzəm olaraq yenilənməlidir. Bu mexanizmdən, məsələn, Gürcüstanın “Birləşmiş Su Təchizatı” şirkəti öz təcrübəsində uğurla istifadə edir. Misal üçün, gürcü şirkətinin cədvəlində belə bir məlumat var: “Qori şəhəri əhalisinin 90 faizi gündə 24 saat, 10 faizi gündə 4-6 saat intervalında su alır”. Digər şəhər və regionlar üzrə də eyni qaydada məlumat yerləşdirilir. “Azərsu” Bakı və Abşeron yarımadasındakı bütün rayon, şəhər və qəsəbələr üzrə həmin məlumatları yerləşdirə bilər. Söhbət üst-üstə 100-ə yaxın inzibati-ərazi vahidindən gedir. Məsələn, Buzovna qəsəbəsinin sakini sayta daxil olur, görür ki, belə bir məlumat var: qəsəbə sakinlərinin 50 faizi 24 saat, 30 faizi 16 saatadək, 20 faizi isə 8 saatadək içməli su alır. Bu həm də ictimai nəzarət vasitəsidir: istər sakinlərin, istərsə medianın bunu yerindəcə dəqiqləşdirməsi üçün cəmi bir neçə dəqiqə lazım olacaq. “Azərsu” hər ayın sonunda su alan ərazilərin hər biri üzrə aylıq su istehlakının həcmi (özü də əhali və qeyri-əhali qrupları, büdcə və özəl sektor üzrə ayrıca) barədə məlumatlar yerləşdirməlidir. Təkcə rayon və şəhərlər üzrə yox, hər bir qəsəbə üzrə istehlakçıların sayı və il ərzində dəyişmə dinamikası göstərilməlidir”. Oğuz-Bakı su kəmərindən sonra Bakı və paytaxt ətrafında vəziyyətin necə dəyişdiyi ilə bağlı müzakirələrə gəlincə, ekspert düşünür ki, qeyri-müəyyənlikləri və ictimaiyyət arasında bu layihəyə inamsızlığı aradan qaldırmaq üçün hökumət əvvəldən - layihəyə start veriləndə ərazinin mövcud su təminatı xəritəsini elan etməli idi. Həmin xəritədə aşağıdakılar bilinməli idi: - Böyük Bakının hansı hissəsi və həmin ərazidəki mövcud istehlakçıların neçə faizi 24 saat su alır, yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəyişiklər baş verəcək? - Böyük Bakının hansı hissəsi və həmin ərazidəki mövcud istehlakçıların neçə faizi fasilə ilə su alır və fasilə intervalları, suyun verilmə saatları necədir, yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəyişiklər baş verəcək? - Böyük Bakının hansı hissəsi ümumiyyətlə su almır və yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəyişiklər baş verəcək? Geri qayıt |