Əsas Səhifə > Güney Press / Ana xəbər > Söküləcək “Velotrek”in satıcıları kompensasiya istəyirlər

Söküləcək “Velotrek”in satıcıları kompensasiya istəyirlər


13-02-2014, 16:27
Söküləcək “Velotrek”in satıcıları kompensasiya istəyirlər
Bakıda söküləcək yerlərə biri də əlavə olundu. Bu dəfə söküntü işləri 20 Yanvar dairəsində aparılacaq. Məlumata görə, 20 Yanvar metro stansiyanın yanında yerləşən “Velotrek” ticarət mərkəzinin yaxın zamanlarda söküntüsünə başlanılacaq. Hafta.az-ın əməkdaşı bu gün adıçəkilən ticarət mərkəzində oldu.

20 Yanvar metro stansiyasından çıxan kimi bizi Sumqayıtda işləyən taksi sürücüləri qarşıladı. Ağına-bozuna yerli, yoxsa əcnəbi olmağına baxmayaraq, hər kəsi üzərinə gəlirlər. Hər kəsi 2 manat müqabilində Sumqayıta dəvət edən bu şəxslərdən yaxamızı güclə qurtardıq. Metrodan ticarət mərkəzinə qədər təxminən 100 metr məsafədir. Bu məsafənin demək olar ki, hər metrində taksi sürücülərindən Sabirabada, Masallıya, Xaçmaza “məcburi dəvət” alıb əsl məqsədimizin harasa getmək olmadığını izah edə-edə “Velotrek”ə çatdıq.

Çalışdıqları yerin söküləcəyindən xəbər tutan satıcılardan kimisi buna görə narahatdır, digər bir qisminin isə dünya aləm vecinə deyil.

Kostyum mağazasının sahibi Vüqarın sözlərinə görə, obyektin söküləcəyi ilə bağlı xəbərləri eşidib:

“Lakin hesab edirəm ki, buranı sökəcəklərsə, yəqin yerində daha yaxşısını tikəcəklər. Düzdür, bizə çətin olacaq. Müştərilərimizin əksəriyyətini itirəcəyik. Ancaq 20 Yanvar dairəsi çox səs-küylü yerdir. Yəqin bu problemi az da olsa aradan qaldırmaq üçün ticarət mərkəzini sökmək fikrinə gəliblər.

Söküləcək “Velotrek”in satıcıları kompensasiya istəyirlər

Kişi kəmərləri satan Rafiq deyir ki, onun üçün heç nəyin fərqi yoxdur: “20-30 dənə kəmərim qalıb. Buranı söksələr də, kəmərləri başqa hardasa qoyub satacam. Mənim üçün fərqi yoxdur. Onsuz da bir ucdan sökə-sökə gedirlər”.

Ticarət mərkəzində hələ ki, söküntü işləri başlamasa da, bir çox obyekt sahibləri artıq mərkəzdən başqa yerə köçüblər. Dərzi Cəlalın sözlərinə görə, ticarət mərkəzində istifadəsiz qalmış mağazalar çoxdur:

“Mağazaların sahibləri başqa yeri köçdükləri üçün belə yerlər çoxdur. Buranın söküləcəyi ilə bağlı yalan olmasın 2 ildən çoxdur ki, şayiələr yayılıb. Ancaq deyilənə görə, bu dəfə dəqiq sökəcəklər. Ona görə də satıcılar yavaş-yavaş ərazidən uzaqlaşırlar”.

Ticarət mərkəzinin satıcısı Kazım tələb edir ki, əgər ərazidə söküntü işləri aparılacaqsa, işləmək üçün satıcılara yer verilsin:

Söküləcək “Velotrek”in satıcıları kompensasiya istəyirlər

“Əgər buranı sökəcəklərsə, bizə başqa yerdə işləmək üçün yer versinlər. Əks halda, camaat acından öləsi deyil ki, yığışıb öz etirazımızı bildirəcəyik. Heç olmasa müvəqqəti yer verilsin ki, biz də əlimizdə olan malımızı sata bilək”.

Satıcı Rauf, yeni tikilən obyektlərdəki icarə haqqının artırılmamasını istəyir: “Yaxşı olar ki, yeni obyektlərdə icarə haqqı ən azı köhnədə olduğu qədər olsun. Onsuz da buradakı obyektləri də demək olar ki, satıcıların özləri tikiblər. Bura çox əmək sərf etmişik. Hər bir şəraitimizi qurmuşuq. Təbii ki, köçmək bizim üçün çətin olacaq. Ancaq başqa neyləmək olar”.

Qeyd edək ki, söküntünün nə zaman başlanacağı və eləcə də ticarət mərkəzinin yerində hansı obyektin tikiləcəyindən isə sahibkarlar məlumatsızdırlar.

Mağaza sahiblərinə kompensasiyanın ödənib-ödənməyəcəyi sual altındadır. Satıcılar bunun üçün xeyli narahatdır. Onlarla söhbətimizdən belə bəlli oldu ki, kompensasiya verilməzsə, ciddi narazılıq olacaq. Hələlik isə “Velotrek”də sakitçilikdi, bu qədər əndişələri olsa da, satıcılar mal satmaqla məşğuldur. Hətta xeyli müştəri qıtlığı çəksələr belə...

Onu da qeyd edək ki, “Velotrek” artıq yavaş-yavaş sökülməyə başlayıb. Ticarət mərkəzinin arxa tərəfini söküb stadion tikirlər. Bu isə hələ başlanğıcdır.


Söküləcək “Velotrek”in satıcıları kompensasiya istəyirlər
Geri qayıt