Əsas Səhifə > Güney Press / Ana xəbər > “Bəs o qədər pulu Fərzəli Qədirova niyə vermişdim?!”
“Bəs o qədər pulu Fərzəli Qədirova niyə vermişdim?!”6-02-2014, 11:04 |
![]() Bu günlərdə redaksiyamızda olan Suraxanı rayonu 285 saylı tam orta məktəbin keçmiş direktoru, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, YAP üzvü, təhsil sahəsindəki uğurlarına görə Beynəlxalq diplomlar laureatı... Malik Qurbanov əməkdaşımıza qanunsuz və əsassız olaraq işdən çıxarılması ilə bağlı geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Malik müəllim, istərdik ki, özünüz barədə oxucularımıza qısa məlumat verəsiniz. - Mən, Qurbanov Malik Xıdır oğlu, 1977-ci ildən təhsil sahəsində çalışıram. Bu vaxta qədər heç bir cəza almamışam. Əksinə, qüsursuz fəaliyyətimə görə dəfələrlə vəzifədə irəli çəkilmiş, mükafatlandırılmış, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişəm. 18 fevral 2009-cu ildə Suraxanı rayonu 285 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşam... - Redaksiyamıza gəlməyiniz hansı zərurətdən irəli gəldi? - Məni “Təzadlar” qəzetinin redaksiyasına gətirən səbəb qanunsuz və əsassız olaraq işdən çıxarılmağımdır. Belə ki, Azərbaycan Respublikası təhsil nazirinin 22.11.2013-cü il tarixü 11/1221 saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən mənimlə bağlanılmış əmək müqaviləsinə xitam verilib. Əsas kimi “İşçilər arasında vəzifə bölgüsü, pedaqoji kadrların seçilib yerləşdirilməsi, tədrisin təşkili, müəllimlər arasında dərs yükünün bölgusü, günü uzadılmış qrupların, kitabxana və laboratoriyaların fəaliyyətinin tənzimlənməsi, təhsil sənədlərinin uçotu, saxlanılması və paylanılması, evdə təhsilin və psixoloji xidmətin təşkili sahələrində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması” göstərilir. Qeyd olunan əsaslar isə Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Rövşən Abdullayev, Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Elmir Həsənov və Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş yoxlama arayışı ilə, yəni aktla müəyyən olunub. “Direktor təyin olunundan bir ay sonra araşdırma nəticəsində müəyyən olundu ki, məktəbdə 267 “ölü can” var...” - Siz hesab edirsiniz ki, həmin aktda qeyd olunan nöqsanların heç bir əsası yoxdur? - Bəli, aktda qeyd olunan nöqsanların heç bir əsası yoxdur. Onu da qeyd edim ki, 285 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin olunan zaman məktəbdə 186 müəllim işləyirdi. Direktor təyin olunundan bir ay sonra araşdırma nəticəsində müəyyən olundu ki, məktəbdə 267 “ölü can” var. Yəni məktəbdə siyahı üzrə 267 şagird sinif açmaq məqsədilə şişirdilib. Həmin “ölü can”ların hesabına işə qeyri-ixtisas müəllimləri götürməklə sıxlıq yaranmışdı və məktəbdə özbaşınalıq hökm sürürdü. Hətta müxtəlif peşə sahibləri bir illik kurs keçərək müəllim işləyirdilər. Məktəbdə yaranmış vəziyyət barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yazılı müraciət etdim. Verilmiş göstərişlər əsasında son vaxtlara qədər 60 nəfər müəllim ixtisara düşdü və yaxud yeri dəyişdirildi. Əmrdə qeyd olunan pedaqoji kadrların yerləşdirilməsi barədə nöqsana gəldikdə isə, qeyd etmək istəyirəm ki, direktor olduğum müddət ərzində pedaqoji işçi işə qəbul etməmişəm. Yalnız 1 oktyabr 2013-cü ildə təhsil naziri müavininin göndərişinə əsasən tələbat olmadığı halda, bir nəfər informatika müəllimi işə qəbul olunub. İşə qəbul etdiyim laborantlar isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi ilə razılaşdırılmış və hər birinin müvafiq sertifikatları olmuşdur. Günü uzadılmış qruplar da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı ilə açılmış və bu, nöqsan hesab oluna bilməz. İşə qəbul olunmuş qeyri-pedaqoji müəllimlərin kütləvi şəkildə işdən çıxarılmamasına səbəb isə Təhsil Nazirliyinin 1999-cu ildə verdiyi 629-S saylı əmri olmuşdur. Həmin əmrdə göstərilir ki, 10 ildən artıq bir müəssisədə fasiləsiz işləyən işçi işdən azad edilə bilməz. Bu səbəbdən də, yəni mənim iradəmdən asılı olmayan səbəbə görə məktəbdə artıq kadrlar fəaliyyət göstərirdilər. Bunu nazirlikdə hamı bilirdi, mən onları işdən çıxarmaq istəyəndə əksinə, özləri deyib ki, dəymə... “İşdən əsassız və qanunsuz çıxarılmağımda Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun və TN-nin Təhsil sektorunun müdiri Aydın Əhmədovun mənə qarşı qərəzli mövqe tutmaları birbaşa rol oynamışdır...” Müəllimin yerləşdirilməsi və müvafiq dərs yükləri ilə bağlı bütün məsələlər də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı ilə həyata keçirilmişdir. Təəssüflər olsun ki, qeyd olunanlar ciddi nöqsan kimi qəbul edilərək əsassız olaraq mənə aid edilmişdir. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, işdən əsassız və qanunsuz çıxarılmağımda Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun və TN-nin Təhsil sektorunun müdiri Aydın Əhmədovun mənə qarşı qərəzli mövqe tutmaları birbaşa rol oynamışdır. - Bunu nədən hiss edirsiniz və ya əsaslandıra bilərsiniz? - 2013-ci il oktyabr ayının 2-də bir nəfər gənc qadın və yanında daha bir adam otağıma gəldilər. Məlum oldu ki, onları məktəbə müəllim götürmək üçün yanıma Bakı Şəhəri üzrə Təhsil İdarəsindən göndəriblər. Halbuki mən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə vakant yer olması barədə məlumat verməmişdim. Tez Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kadrlar şöbəsinə zəng etdim. Dedim ki, mən vakant yer verməmişəm, ancaq bizim məktəbə müəllim göndərmisiniz, mən onları necə yerləşdirim? Cavab verdilər ki, bir az gözləyim... “Fərzəli müəllim, mən Tacəddin Mehdiyevin adamıyam, yadınızdadırmı, sizin yanınızda olanda o, sizə pul verdi, siz də tapşırdınız və mənə iş yeri barədə məktub hazırlatdınız...” Sonra mənə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun telefon nömrəsini verdilər ki, onunla əlaqə saxlayım. Mən Fərzəli müəllimə zəng edib vəziyyəti danışdım. Dedim ki, axı siz bizim məktəbin vəziyyətini bilirsiz. Dedi, həmin adam hardadır? Dedim, yanımda... Adı Arzu Səmədova idi... Xahiş etdi ki, telefonu ona verim. Telefonu nə deyəcəyini özümün də eşitməyim üçün mikrofona qoyaraq Arzu xanıma verdim. Fərzəli müəllim ondan soruşdu ki, səni kim tapşırıb? O da dedi ki, “Fərzəli müəllim, mən Tacəddin Mehdiyevin adamıyam, yadınızdadırmı, sizin yanınızda olanda o, sizə pul verdi, siz də tapşırdınız və mənə iş yeri barədə məktub hazırlatdınız...” və s. Bu zaman F.Qədirov A.Səmədovadan soruşdu ki, “Pul məsələsini direktor eşitdimi?”. Müəllimə də ona “Yox, eşitmədi...” dedi. Amma sonradan başa düşdüm ki, Fərzəli Qədirovun xahişi və təkidi ilə işə götürdüyüm həmin xanım bunu ona deyib... Mən informatika müəllimlərini çağırıb hərəsindən 2 saat götürməklə öz ərizələri əsasında həmin müəllimə 6 saat dərs verib yerləşdirdim. Elə hər şey də bundan sonra başladı... - Hər şey deyəndə nəyi nəzərdə tutursunuz? - 2013-cü ilin oktyabrın 14-də Uşaq Birliyi Təşkilatının rəhbəri Təranə Bağırova yanıma gəldi ki, xəstələnmişəm, icazə verin, məktəbə hər gün gəlməyim, iynə vurdururam. Dedim, yaxşı. Bir neçə gündən sonra o, dəhlizdə mənə yaxınlaşdı ki, sizinlə işim var. Dedim, dərsə gedirəm, gəlim sonra. Dedi, siz məni indi qəbul etməlisiniz. Bir az də səsinin tonunu qaldırdı. Dedim, keç kabinetə, gəlirəm. Dedi ki, mənim hüquqlarım tapdanıb. Guya gənclər idarəsindən bizə teleqram gəlib qızın adına, biz də bunu ondan gizlədib verməmişik. Mən onu başa saldım ki, əgər tədbir keçirilirsə, məktəb işirak etmirsə, bu mənim adıma xələl gətirir, sizə yox. Dedi, yox, mənim haqqım tapdanıb, sizdən şikayət edəcəyəm. Dedim, get, öz işlərinlə məşğul ol... Bundan sonra o, mənim ünvanıma təhqiramiz ifadələr işlədərək, qapını çırpıb getdi. Sonradan öyrəndim ki, bu məsələdə də Fərzəli Qədirovun rolu olub... Və aradan 15 dəqiqə keçmişdi ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsindən zəng edib barəmdə şikayət olduğunu dedilər. Mən bu barədə geniş danışmaq istəmirəm, iş hazırda təhqiqatdadır... Belə olan halda, noyabrın 1-də əmr verib, qızı işdən azad etdim. Çünki vəzifəsini icra edə bilmirdi. Bununla əlaqədar olaraq o, xəbərdarlıq almış, töhmət verilmişdi. Odur ki, onun işdə qalıb-qalmaması məsələsini müzakirə edərək, əmr verib işdən azad etdim. “Noyabrın 7-də xəstəxanada müalicə olunarkən mənə zəng etdilər ki, Fərzəli Qədirov məktəbə yoxlama göndərtdirib...” Bir müddətdən sonra xəstəliyimlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunmağa başladım. Bu barədə bütün rəsmi sənədlər var və mühasibatlığa təqdim etmişdim. Noyabrın 7-də xəstəxanada müalicə olunarkən mənə zəng etdilər ki, məktəbə yoxlama gəlib. Ancaq bu barədə mənə nazirlik tərəfindən məlumat verilməmişdi və məndən heç bir sənəd istənilməmişdi. Sonradan məlum oldu ki, bütün bunların və mənim işdən çıxarılmağımda nazirliyin şöbə müdiri Fərzəlı Qədirovun birbaşa rolu var. Çünki uşaq birliyinin rəhbəri əvvəllər bizdə işləyən iki nəfəri də pulla tutaraq F.Qədirovun köməyi ilə nazir müavini Ceyhun müəllimə müraciət etmişdilər. Və nazirin xəbəri olmadan mənim işdən azad edilməyim barədə əmr verilmişdir. Bilirəm ki, cənab nazir bilsəydi vəziyyət belədir, heç vaxt ədalətsiz qərar verməzdi. Yoxlama gəldi, getdi... Mən noyabr ayının 18-də işə çıxdım. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Nailə xanım Rzaquliyeva məni idarəyə çağırıb dedi ki, elə bir problem yoxdusa, qoy o, Uşaq Birliyi Təşkilatının rəhbəri qalıb işləsin. Sonra da Xəyyam müəllimə tapşırdı ki, məsələni həll edib nəticəni ona desin. Noyabrın 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gələndə gördüm ki, Uşaq Birliyi Təşkilatının rəhbəri Təranə Bağırova Xəyyam müəllimin yanındadır. O, şikayətinin artıq həll edilməsi barədə izahat yazıb verdi Xəyyam müəllimə. Mən izahatın surətini götürüb, T.Bağırovanın işə bərpası haqda olan əmri verdim Xəyyam müəllimə. Və T.Bağırovanın əmək kitabçasını götürdüm. Xəyyam müəllimin kabinetindən çıxanda gördüm ki, T.Bağırova atası ilə telefonda danışır ki, əmək kitabçamı verdim, izahatı da, məsələ həll olundu... Atası qışqıra-qışqıra danışırdı ki, sən nə danışırsan, biz direktoru qərarla işdən çıxartmalıydıq, bəs mən o qədər pulu Fərzəli Qədirova niyə verdim?! T.Bağırova geri dönəndə məni gördü. O, Xəyyam müəllmin otağına girib izahatını geri istədi. Amma unutdular ki, izahatın surəti artıq məndədir. Noyabrın 25-də gördüm ki, yenə ürəyim ağrıyır. Noyabrın 26-dan dekabrın 5-nə qədər bülletenə çıxdım. Noyabrın 28-də mənə zəng edib dedilər ki, səni noyabrın 22-də işdən azad ediblər. Əgər mən noyabrın 22-də işdən azad olunmuşdumsa, həmin gün axşam saat 17:00-da Bakı Şəhəri üzrə Təhsil İdarəsində nə gəzirdim? Bu, nə dərəcədə düzgündür? Əmri cənab nazirin adı ilə veriblər. Amma bilirəm ki, cənab nazirin bundan xəbəri yoxdur, ona haqqımda səhv məlumat veriblər. Mən müraciət yazıb göndərdim, amma qəbula baxmadılar. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilir ki, idarənin həmkarlar təşkilatının razılığı olmadan vətəndaşa 70-in “ç” bəndi tətbiq edilə bilməz. Mən Suraxanı-Xətai təhsil işçiləri həmkarlar komitəsinin üzvüyəm. Onlara deyilmədən məni işdən azad ediblər. Mənim xahişim odur ki, nazir cənab Mikayıl Cabbarov məni qəbul etsin. Və sizin qəzetiniz vasitəsilə müraciət edirəm: Cənab nazir! Məni qəbul etməyinizi xahiş edirəm. Çünki mən əsassız və qərəzli şəkildə işdən çıxarılmışam. Cənab nazir! Sizə Fərzəli Qədirovun qanunsuz fəaliyyəti barədə hər şeyi danışıb faktlarla təqdim edəcəyəm. Onun hazırda Sizin əleyhinizə, təhsilimizə yaraşmayan fəaliyyətinin qarşısı alınmalıdır! (Davamı var) Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Bu məqsədlə dünən F.qədirovun iş telefonuna dəfələrlə zəng etsək də o, telefona cavab vermədi... “Təzadlar”ın Araşdırma Qrupu Geri qayıt |