Əsas Səhifə > Güney Press / Manşet > Naxçıvanda vətəndaşın mülkünü sökdülər... PULU VERİLMİR!
Naxçıvanda vətəndaşın mülkünü sökdülər... PULU VERİLMİR!2-05-2023, 16:08 |
|
Bu gün Hurriyyet.az-a müraciət edən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Qıvraq qəsəbə sakini Qafqaz Adil oğlu Həsənov 81 kv.m. torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 70 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının söküldüyünü, əvəzində isə hər hansı bir obyekt və ya torpaq verilmədiyini bildirib. Pozulan hüquqlarının bərpa olunmasına çalışdığını deyən şikayətçi pul və ya bina istəmədiyini, ən azından yeni obyekt inşası üçün torpaqla təmin olunmasını tələb etdiyini qeyd edib: "Bununla bağlı məhkəməyə də müraciət etmişəm, müvafiq qurumlara ərizələr yazmışam. Lakin heç bir faydası olmayıb. Əlimizdə çıxarış, daşınmaz əmlakın texniki pasportu, hətta ödənilən pula dair sənədlər, o cümlədən bina haqda məlumat da var. Buna baxmayaraq, bina əsassız şəkildə sökülüb, amma yerində heç bir abadlaşma işi aparılmayıb. Yəni, binanın yerləşdiyi ərazi boş qalıb. Sadəcə, 3-4 ağac əkiblər və deyirlər ki, guya ərazi yaşıllaşıb, buna görə də sizə burdan torpaq verə bilmərik. Əslində isə həmin ərazidə heç bir abadlıq işi getməyib. Deyirəm ki, onda həmin ərazidən yox, başqa yerdən torpaq verin. Ancaq buna da razılıq vermirlər. Bildirirlər ki, gedin bələdiyyədən torpaq alın. Axı, mənim torpağım ola-ola niyə bələdiyyədən torpaq alım?!" Binanın 1985-ci ildə inşa edildiyini vurğulayan Qıvraq qəsəbə sakininin sözlərinə görə, o, həmin vaxtdan binanı işlədib: "Bina 2007-ci ildə özəlləşməyə çıxarılıb və biz həmin vaxt onu almışıq. 2008-ci ildə isə binanı söküblər. Düz 16 ildir ki, bizə dəymiş ziyan ödənilmir, işlə maraqlanan yoxdur. Odur ki, sizin vasitənizlə müvafiq qurumlara müraciət edərək, onlardan pozulmuş hüquqlarımın bərpa olunmasında, mənə dəymiş ziyanın ödənilməsində yardım etmələrini xahiş edirəm". Geri qayıt |