Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyəli məmurun atası məhkəmələrimizi pulla aldığını iddia edir

Türkiyəli məmurun atası məhkəmələrimizi pulla aldığını iddia edir


17-01-2014, 11:32
Türkiyəli məmurun atası məhkəmələrimizi pulla aldığını iddia edir
Redaksiyamıza hal-hazırda Antalyada yaşayan, 7 il Türkiyə vətəndaşı ilə imam nikahı ilə yaşadıqdan sonra boşanan Azərbaycan vətəndaşı Nərgiz Həsənova Binəqədi Rayon Məhkəməsinin sədri Abbas Rzayevlə bağlı şikayət məktubu ünvanlayıb.

Şikayət məktubunda bildirilir ki, Binəqədi Rayon Məhkəməsi sədri Abbas Rzayev və Apelyasiya Məhkəməsi rüşvət alaraq onun adına olan evi əlindən alaraq qızın atası olan türk vətəndaşı Mehmet Ali Saka verib: “Sizdən bir azərbaycanlı qadını kimi kömək istəyirəm. Prezidentimiz də rüşvətlə bağlı mübarizə aparır. Əgər səsimi eşitməsələr Avropa Məhkəməsinə qədər şikayət edəcəyəm. Azərbaycanda rüşvətlə hakimlər alınır haqqımız hüququmuz tapdalanır vəkilim bu insanlarla bacara bilmir. Hansı dövlətdə insanın öz adına olan evi əlindən alınaraq başqasına verilir. Türkiyə dövləti mənə sahib çıxdığı halda, öz vətənimdə məni 3 yaşlı qızımla birgə küçələrdə qoyurlar. Xahişim budur ki, mənə kömək edəsiniz.“

Sözügedən şikayət məktubu ilə bağlı Nərgiz Nəsibovanın vəkili Fikrət Mirzəyevlə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən vəkil şikayət məktubunda deyilən fatkları təsdiqlədi. 2005-ci ildə Nərgiz xanımla Mehmet Ali Sakanın imam nikahı ilə ailə qurduğunu söyləyən vəkil bildirdi ki, 2010-cu ildə ailənin qız uşağı dünyaya gəlib: “Həmin dövrdə Mehmet Ali Saka öz familiyasının qızına verilməsinə dair icazə verib. Uşaq dünyaya gəlməmişdən bir il öncə Mehmet Ali Saka həyat yoldaşı ilə birlikdə Bakıya gələrək, onun adına qiyməti 84 min dollara olan ev alıblar. Evin pulunun 60 min dolları kişi tərəfindən, 24 min dolları isə Nərgiz xanım tərəfindən ödənilib. 2012-ci ildə isə ailədə problem yaranır Mehmet Ali Saka həyat yoldaşını şiddətli şəkildə döyür. Bundan sonra isə Nərgiz xanım türk polisinə müraciət edir və məhkəmədə uşağın anaya verilməsinə və Mehmet Ali Sakanın Nərgiz xanıma müəyyən məsafəyə qədər yanaşmamasına dair qərar çıxarılır. Bundan sonra Mehmet Ali Saka Bakıya gələrək məhkəməyə iddia verir və bildirir ki, ev mənimdir, Nərgizin adından çıxarılaraq mənim adıma salınmalıdır. Binəqədi Rayon Məhkəməsi sədri Abbas Rzayev də vəsatəti çox rahat formada təmin edir. Halbuki Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə nikaha qədər və ya nikah dövründə hədiyyə şəklində alınmış əmlak ərlə-arvadın xüsusi mülkiyyətidir. Yəni sabah boşansalar da onun heç kimə aidiyyəti yoxdur. Məhkəmə bunlara baxmayaraq Mehmet Ali Sakanın xeyrinə qərar çıxardı. Bundan sonra Mehmet Ali Saka Türkiyəyə gedərək orada Nərgiz xanıma bildirib ki, mən Azərbaycan məhkəmələrinin hamısını pulla almışam. “

Mehmet Ali Sakanın kifayət qədər imkanlı bir şəxs olduğunu söyləyən vəkil Fikrət Mirzəyev, oğlunun Türkiyədə bələdiyyə sədri vəzifəsində çalışdığını bildirdi: “Hal-hazırda Nərgiz Həsənova Azərbaycana gələ bilmir. Səbəb isə uşağın anadan alınaraq Mehmet bəyə verilməsinə dair aparılan məhkəmə prosesidir. Artıq uşağın anaya verilməsinə dair qərar verilib.”

Vəkil onu da bildirdi ki, Azərbaycan qanunvericiliyinin 360-cı maddəsinə uyğun olaraq məhkəmə qətnaməsi tərəflərə rəsmi şəkildə təqdim edildikdən sonra 1 ay ərzində tərəflər apelyasiya şikayəti verə bilərlər: “Lakin Binəqədi Rayon Məhkəməsi sədri Abbas Rzayev məhkəmə qərarı çıxardıqdan sonra Nərgiz xanıma və onun buradakı ailə üzvlərinə qətnamənin rəsmi sürəti təqdim edilməyib. Halbuki Nərgiz xanım burada olmadığı halda, ailə üzvlərinə qətnamə təqdim olunmalı idi. Bu məsələ qanunda da öz əksini tapıb. Məhkəmə sədrinə bununla bağlı iradımızı bildirən də, söylədi ki, biz durub Nərgiz Həsənovanı axtarmalı deyildik ki? İndi isə məhkəmə prosessual müddəti bərpa etmək istəmir ki, biz Apelyasiya Məhkəməsinə şikayət ünvanlayaq.“

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfində fikirlərini işıqlandırmağa hazırıq.

Geri qayıt