
Vətəndaş min bir əzab-əziyyətlə işləyib pul yığır ki, özünə ev alsın, şərait qursun, amma hansısa fırıldaqçı tikinti şirkəti onlun arzusunu gözündə qoyur. Bildiyiniz kimi, son illər insanları aldadan tikinti şirkətlərinin sayı çoxalıb. Təəssüf ki, bəzi şirkətlər öz fəaliyyətlərini qanunlarla tənzim etmirlər. Həmin tikinti şirkətlərindən bir neçəsi vətəndaşları aldadaraq dələduzluqla məşğul olmaqla gəlirlərini artırır, insanlara külli miqdarda ziyan vururlar.
Belə dələduz tikinti şirkətlərinin yol verdikləri neqativ hallar barədə müraciətlər o dərəcədə artıb ki, məsələyə Prezident Administrasiyasından münasibət bildirilib. Administrasiyanın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov mətbuata verdiyi açıqlamada söyləyib ki, daxil olan müraciətlərdə mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bilmədiklərindən bəhs edilir. Məlum olub ki, belə müraciətlər Bakı və Sumqayıt şəhərlərinin sakinləri tərəfindən ünvanlanıb. Vətəndaşlar "İnşaatçı-GM", "Qolden", "Azərtikinti ATF", "İdeal-İnşaat", "Şahbulaq", "A.E.K", "Xəmsə İnşaat", "Qaraçay", "Bios", "Bəyaz", "Dərəçiçək", "Meqa-siti Holdinq", "Elita-R", "Gənc", "AAF-İnşaat", "R+R", "Birlik inşaat", "Ulduz", "FOLKLOR", "ABC", "Fuad LTD", "Kamran", "Safari-N", "Effekt İnşaat", "Ələsgəroğlu", "AENT-E", "HAYAN-E", "Klass Azko", "Badu Kubə", "Olimpus-AZ", "Cənnət" və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq bildirirlər. Siyahıda adı qeyd olunan "AENT-E" tikinti şirkəti tərəfindən aldadılan insanların sayı daha çoxdur.
Qeyd edək ki, MMC-nin direktoru Əkbər Cəfərov bu ilin yanvar ayında həbs olunub. Belə ki, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai Rayon Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətinın yaydığı məlumata görə, araşdırmalar zamanı cəmiyyətin direktoru Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. Məlumatlara görə, şirkət rəhbəri bir neçə gün həbsdə yatdıqdan sonra sərbəst buraxılıb. Onun pul atdığı şəxslər isə hara müraciət edəcəklərini, kimdən kömək istəyəcəklərini bilmirlər. Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonu Naximov küçəsi ev 144 A-da yaşayan Qəmbərov İsa Cəmaləddin oğlu bir müddət əvvəl şikayət ərizəsi ilə redaksiyamıza müraciət etmiş və "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun özbaşına əməllərindən narazılığını dilə gətirmişdi. Narazı vətəndaş qeyd etmişdi ki, 2014-cü ilin iyul ayında şirkətin Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında tikdiyi hündürmərtəbəli binadan ümumi sahəsi 79.11 kvadratmetr olan mənzil alıb: "Hələ tikilməkdə olan, mənzil forması almayan yarımçıq tikili almaq məqsədilə şirkətə 17 150 ABŞ dolları ödədim. Amma mənə əvvəlcə tavan hissəsi bağlanmaqda olan mənzil göstərilmişdi. Sonradan isə bəlli oldu ki, mənim mənzilim o deyil, bağlanmaqda olan tavanın üst hissəsində hələ tikilməyən mənzil olacaqmış. Mənzilin pulunun yerdə qalan hissəsini MMC-nin direktoru Əkbər Cəfərovun razılığı əsasında hissə-hissə ödəməyi qərara aldım. Cəmiyyət direktoru mənzili maksimum 2 aya tikib mənə təhvil verəcəyinə söz verdiyi halda, artıq neçə ay keçməsinə baxmayaraq, heç bir iş görülməyib və mənzildən əsər-əlamət yoxdur". İ.Qəmbərov vəziyyətin bu cür alındığını görərək şirkət rəhbərindən pulunu geri tələb etməyə başlayıb. Qarşı tərəf pulu qaytarmaq əvəzinə, vətəndaşa hədə-qorxu gəlib və bildirib ki, get hara istəyirsən şikayət elə. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan paytaxt sakini hələ də pulunu geri ala bilmədiyini dedi: "Bir ilə yaxındır ki, şirkət direktorunun arxasınca sürünürəm. Zənglərimə qətiyyən cavab vermir. Bir neçə gün əvvəl şirkət tərəfindən aldadılan insanları direktorun qəbul edəcəyi gözlənilirdi. Mən də ofisə getmişdim, amma o verdiyi sözə əməl etmədi. Onun aldatdığı insan təkcə mən deyiləm. Mənim kimi onlarla vətəndaşın pulu mənimsənilib. Burda söhbət yüz min manatlardan gedir. "AENT-E" MMC-nin adı Prezident Administrasiyasının açıqladığı dələduz şirkətlərin siyahısındadır. Buna baxmayaraq, şirkətin direktoruna qarşı bir tədbir görülmür. Ailəmizin maddi durumu çox ağırdır. Həmin pul ailəmin neçə illər ərzində yığdığı vəsait idi. Əkbər Cəfərov haqqımı tapdalayıb. Bu məsələni belə qoymaq fikrində deyiləm. Heç kim başqasının pulunu yeyə bilməz. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Daxili İşlər Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına rəsmi şəkildə müraciət edəcəm. Azərbaycanda qanunlar yüksək səviyyədə işləyir. Direktora güzəşt etməyin adı yoxdur. Pulumu necə mənimsəyibsə, elə də qaytaracaq". Əldə etdiyimiz məlumatlara görə, adıçəkilən iş adamı paytaxtın Suraxanı rayonunun ərazisində böyük tikinti layihələri həyata keçirir. Hətta onun Qaraçuxur və Hövsan qəsəbələrinin ərazisində bir neçə obyektinin olduğu bildirilir.
Həmçinin bildirmək istəyirik ki, mənzil fırıldağı ilə bağlı aidiyyəti qurumlara çoxsaylı şikayətlər təqdim edilsə də, bu problem həll olunmamış qalır. Yenə də vətəndaşlar aldadılır, cinayət işləri açılır, həbslər olur, amma mənzil almaq üçün illərlə qənaət edən insanların pulları geri qaytarılmır. Biz inanmaq istərdik ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi neçə-neçə insanın haqqını tapdalayan "AENT-E" MMC-nin direktorunun barəsində tezliklə araşdırmalara başlayıb onun haqqında bu ilin yanvar ayında qaldırılmış cinayət işinə yenidən baxacaq. \\ "Gündəlik Bakı" \\









