
Son vaxtlar Bakıda və bölgələrdəki əksər binaların süni örtüklə üzlənməsi sanki dəb halını alıb. Bu ilin aprel ayında paytaxtın Xətai rayonunda, Nargilə kafesinin yaxınlığında yerləşən binada baş verən yanğın hadisəsi binaların penoplastla üzlənməsinin hansı fəsadlara yol açdığını göstərdi. Təəssüf ki, aradan heç bir ay keçməmiş paytaxtda daha bir dəhşətli yanğın hadisəsi qeydə alındı. Bu dəfə bədbəxt olay ötən gün Azadlıq prospekti 289 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verdi. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. İlkin ehtimallara görə, yanğının baş verməsinə binanın üz hissəsinə vurulmuş süni örtüyün alışması səbəb olub. Əslində, şəhərimizdə bu kimi xoşagəlməz hadisələr gözləniləndir. Bayaq da vurğuladığımız kimi, son illər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) köhnə binaların fasad hissəsinə penoplast vurmağa üstünlük verir. Xətaidə, ardınca Binəqədi rayonunda baş vermiş yanğın hadisələri binaların fasad hissəsinə vurulmuş süni örtüklərin nə dərəcədə təhlükəli olduğunu bir daha göstərdi. Nədənsə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov baş verən yanğın hadisələrinə baxmayaraq, hələ də binaların üzlənməsi zamanı penoplastdan istifadəyə imkan yaradır. Araşdırmalar göstərir ki, penopolistirol məhsullarını Azərbaycanın tikinti bazarında kimya sənayesində dünya lideri sayılan "BASF" konserni çıxarıb. Basf konserninin bu tip tikinti materiallarının istehsalına ötən əsrin 50-ci illərindən başladığı bildirilir. Lakin Almaniyada kifayət qədər alıcı qazanmayıb. Son onilliklərdə isə konsernin fəaliyyəti əsas etibarı ilə inkişaf etməkdə olan kasıb ölkələrdə qurulub. 2006-cı ilin avqustunda Sumqayıtda tikinti materialları istehsalı üzrə "BASF Kaspian Yapı Kimyasalları sanayi MMC" yaradılıb. O vaxtlar bəzi mətbu orqanlar bunu az qala "BASF" konserninin fəaliyyətinin prioritet istiqaməti və qabaqcıl təcrübənin Azərbaycanda tətbiq edilməsi kimi qələmə verirdi. Həqiqətən də bu materialın xüsusi izolyasiya xassələri ona bəzi üstünlüklər verir və binaların qızdırılması üçün münasib vasitədir. Tikinti bazarına bundan əlavə daha bir neçə şirkət də bu tip materialları çıxarmaqdadır. Onlardan "MFN" və "Saydinq" kimi şirkətləri göstərmək olar. Əfsus ki, tikintidə istifadə olunan süni materiallar heç də həmişə etibarlı və dayanıqlı olmur. Baxmayaraq ki, XXI əsrin texnologiyaları fasadların bəzədilməsində təbii teksturları ideal təkrarlayan, bu zaman müasir materialların üstünlüklərinə və istismar keyfiyyətlərinə malik olan süni ortüklərin tətbiqini mümkün edir. Binaların fasadlarına çəkilən bərk örtüklü penoplast (penopolistirol) panellər ucuz başa gəldiyi üçün inşaatçı şirkətlərin diqqətini qısa zamanda cəlb edib. Lakin bir sıra üstünlükləri ilə yanaşı, penopolistirol panellərin çatışmazlıqları da var. Maraqlıdır ki, həmin məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlər bu barədə danışmamağı, sadəcə yanğın təhlükəsi olmayan xüsusiyyətlərə malik olduğunu deməyi lazım bilir. Süni fasad materialları heç də təqdim edildiyi kimi yanğına davamlı deyil. Bunu son iki ay ərzində Xətai və Binəqədidə baş vermiş dəhşətli yanğın hadisələri də təsdiqləyir. Mütəxəssislər hesab edir ki, kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır. Bu məsələnin dəfələrlə qaldırılmasına rəğmən, mütəxəssislərin rəyi nəzərə alınmayıb. Binaların fasadına vurulan bu plastik üzlüklər günəş şüası ilə də alışa bilir. Bir sözlə, çox ağır kimyəvi materialdan hazırlanan penoplastlar şəhərimiz üçün əməlli-başlı təhlükə törədir. Əslində, paytaxtdakı binaların fasadlarının aqlay daşları ilə üzlənməsi nəzərdə tutulub. Şəhərin mərkəzində ötən ilin ortalarına qədər üzlüyü dəyişdirilən binaların əksəriyyətində məhz aqlay daşlarından istifadə olunub. Lakin sonradan hansısa səbəbdən binaların fasadlarının ucuz qiymətə başa gələn penoplast materialı ilə üzlənməsinə qərar verilib. Beləliklə də Hacıbala müəllim qanun pozuntusuna yol vermiş olur. Bunun ağır nəticələri isə göz qabağındadır. Paytaxtda penoplastla üzlənən binaların sayının yüzlərlə olduğunu nəzərə alsaq görərik ki, daha ciddi fəsadlar meydana çıxa bilər. Bu arada, özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, aprel ayında Xətaidə, may ayında isə Binəqədi rayonlarının ərazisində yerləşən binalarda süni örtük ucbatından baş vermiş yanğın hadisəsi şəhər meri Hacıbala Abutalıbovun tutduğu vəzifədən çıxarılacağı haqda müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub. Bu barədə bildiyi məlumatı redaksiyamıza ötürən mənbə deyir ki, baş vermiş dəhşətli yanğınlar BŞİH rəhbərliyində təcili islahat aparılmasını zəruri edib: "Hazırda Hacıbala müəllimin gələcək karyerası sual altındadır. Onun Avropa Oyunlarının başlamasına qədər postundan kənarlaşdırılacağı gözlənilir. Bakının yeni merinin kim olacağı hələlik dəqiq bilinmir. Paytaxtın icra başçısı postuna bir neçə namizəd var, amma onlardan hansının bu məsuliyyətli vəzifəyə təyinat alacağı yaxın vaxtlarda dəqiqləşəcək". Fikrimizcə, bu tip bədbəxt hadisələrin təkrarlanmaması üçün süni örtüklə bəzədilmiş binaların fasadı aqlay daşlarla əvəz edilməlidir. Əks halda, bundan da böyük faciələr yaşana bilər. \\ gundelik-baku.com \\









