Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən - 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib. Məhkəmələrə müraciət edən iş adamı heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlamışdı.
4 il haqqının bərpasını gözləyən Qazaxlı iş adamı Elşad Məmmədov Avropa.info-ya açıqlamaları ilə maraqlı nüanslara toxunub.
Elşad Məmmədov bildirib ki, uzun müddət Hacı İbrahim Nehrəmli haqqında etdiyi müraciətlər cavabsız qaldığı , təhdidlərə məruz qaldığı üçün, üç az yaşlı övladları ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.
"2012-ci ilin fevralında “Avesta” konserninə məxsus “Həsən-96” MTK-dən 355 min manata iki mənzil almışam. Lakin üstandən 4 ildən çox keçməsinə baxmayaraq mənzillərimə sahib ola bilmirəm.Məhkəmələr haqqımı bərpa etmədi. Əlimdə ödədiyim pulların qəbzi, mənzillərin maliyyə arayışı var. Lakin Hacı İbrahim Nehrəmli mənzillərimi vermək istəmir. Sonradan İbrahim Nehrəmli tərəfindən edilən təhdidlərdən sonra, ölkəni tərk etmək məcburiyyətində qaldım. Hazırda ölkə kənarında 3 azyaşlı övladlarımla kirayə yaşamaq məcburiyyətindəyəm."
Elşad Məmmədov deyir ki, bu dörd il ərzində çəkmədiyi zülmlər qalmayıb: “Bütün pullarımı o iki mənzili almaq üçün ödədim. İndi evsizəm, üç azyaşlı övladımla ölkəni tərk etmişəm. Məhkəmələrə müraciət edirəm heç bir xeyri olmur, bütün dövlət qurumlara şikayət yazmışam. Hətta baş prokuror Zakir Qaralovun qəbulunda oldum, o göstəriş verdi ki, problem həll edilsin. Lakin yerlərdəki məmurlar problemi həll etmədilər . Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, şöbə müdiri Vüqar Əliyev, prokuror Nazir Quliyev mənim haqlı olduğumu deyib. Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun iki dəfə qəbulunda olmuşan. O mənə söz verdi ki, problemlə bağlı Prezident Administrasiyanın bölgə üzrə kuratoruna məlumat verəcək. Bir sözlə hamı haqqımı tanıyır, ancaq yardımçı ola bilmirlər."
Ölkəni həyatına təhlükə olduğu üçün tərk etdiyini deyən iş adamı, İbrahim Nehrəmli tərəfindən təhdidlərə məruz qaldığını bildirib.
"Dəfələrlə Hacı İbrahimin mühafizəçisi açıq nömrədən (070- 260-04-07) məni ölümlə, hətta "Bandotdel"ə apartdırıb döydürəcəyi ilə hədələyib. Lakin indi bəllli olur ki, Hacı İbrahim Nehrəmli tək məni aldatmayıb. Ölkənin ən böyük banklarından birindən götürdüyü milyonlarla pulu belə qaytarmaq istəmir. Buna görə də özü tez-tez "Bandotdel"ə "səfər edir"."
Elşad Məmmədov deyir ki, İbrahim Nehrəmli ona satdığı evləri vermək əvəzinə dəfələrlə ona böhtan atıb.
"Zamanında mətbuata informasiya ötürüb ki, guya özü də qurbandır və Orxan Sadıqov adlı şəxs də onu aldadıb. Bildirmək istəyirəm ki, bu sadəcə oyundur. Orxan Sadıqov Hacı İbrahimin tikdiriyi binalarda plastik qapı-pəncərə qoyurdu. Onların arasında hər hansı münaqişə və söz-söhbətin mənə dəxli yoxdur. Mən 51 və 52 saylı mənzilləri “Həsən-96” MTK-dan almışam. Əlimdə qəbz, maliyyə arayışı var. “Həsən-96”-nın sahibi isə Emil Tağıyevdir ki, o da Hacı İbrahimin bacanağıdır. “Avesta”nın prezidenti bir müddət sonra bacanağının verdiyi sənədi qanunsuz hesab edərək ləğv edib. Nəticədə mənim 355 min manatım ortada itib. İndi Hacı İbrahim özünü və bacanağını sığortalamaq üçün mətbuata qəsdən məlumat ötürür ki, şikayəti olanlar onun da “qurban” olduğunu qəbul etsin. Mən qətiyyətlə bildirirəm ki, mənzilləri alarkən Orxan Sadıqov adlı şəxslə heç bir sövdələşmə, söz-söhbətim olmayıb".
Elşad Məmmədov öz haqqını sona qədər tələb edəcəyini deyir:
"Hacı İbrahim mətbuata ötürdüyü informasiyada Orxan Sadıqovdan şikayət olunmadığını qeyd etdirib. Yaxşı əgər zərərçəkənsə, sənə də pul atılıbsa niyə hüquq-mühafizə orqanlarına müraciət etmirsən? Özün niyə axtarırsan? Mən inanmıram ki, kimsə Hacı İbrahimə “atsın”. Onun kimi imkanlı və əlaqəsi geniş olan adama kiminsə aldatması inandırıcı görünmür."
Sahibkar deyir ki, “Avesta”nın prezidenti ilə heç bir münasibəti olmayıb, yalnız mənzil alıb: "355 min manat verib iki mənzil almışam. Düzdür, Hacı İbrahim mətbuata deyir ki, guya mənzili görəcəyim iş müqabilində verəcəkmiş və mən üzərimə götürdüyüm öhdəliyi pozduğum üçün mənzil əlimdən alıb, hələ bu azmış kimi utanmaz şəkildə deyir ki, ona borcum var. Onun bu dedikləri həqiqətdən kənardır. Əlimdə verdiyim pulların qəbzi və maliyyə arayışım var. 355 min manatı şöbə müdiri Zülü İsgəndərovla Orxan Sadıqova vermişəm. Bundan başqa mənzili alarkən mənə verilən arayışda şirkətin rəhbəri Emil Tağıyevin imzası və MTK-ın möhürü var. Mən dediklərim faktdı. İstənilən jurnalistə haqlı olduğumu sübut etmək üçün qəbzləri və arayışları göstərə bilərəm."









