Paşinyanın seçkilərdə qələbəsi təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün mühüm hadisədir. Bu nəticə Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəminin möhkəmlənməsinə xidmət edə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, seçkilərin nəticələri Ermənistan cəmiyyətində parçalanmanın davam etdiyini göstərir:
“Demək olmaz ki, müxalifət tam məğlub olub. Onlar parlamentdə kifayət qədər yer qazanıblar və bu da Paşinyanın təşəbbüslərinə müəyyən hallarda mane olmaq imkanı yaradır. Ermənistan cəmiyyətindəki parçalanma hələ də qalmaqdadır. Paşinyanın bu vəziyyətlə necə mübarizə aparacağı və gələcəkdə vəziyyətin dəyişib-dəyişməyəcəyi hadisələrin sonrakı inkişafından asılı olacaq”.
İ.Vəlizadə qeyd edib ki, Rusiya seçkilərin nəticələrini qəbul etməyə məcburdur:
“Moskva seçkiqabağı dövrdə də Paşinyanın qalib gələcəyini anlayırdı. Əsas məqsəd Rusiyaya yaxın qüvvələrin parlamentdə ciddi təmsil olunmasını təmin etmək idi və görünür, buna müəyyən qədər nail olunub. Paşinyan konstitusion çoxluğu əldə edə bilməyib ki, bu da Rusiyaya Ermənistanın daxili siyasətində əlavə manevr imkanları yaradır. Moskva gələcəkdə həm iqtisadi, həm də siyasi təsir vasitələrindən istifadə edə bilər. Bu təsirlər müxalifət vasitəsilə də həyata keçirilə bilər. Rusiyanın maraqlarına zidd hesab edilən qanun layihələri gündəmə gələcəyi təqdirdə, parlamentdəki müxalif qüvvələr öz mövqelərini ortaya qoya bilərlər”.
Politoloqun fikrincə, Rusiya-Ermənistan münasibətləri yaxın perspektivdə də mürəkkəb və ziddiyyətli olaraq qalacaq:
“Reallıq göstərir ki, Ermənistan Rusiya ilə münasibətləri sıfırlaya bilməz. İqtisadi və siyasi maraqlar bunu diktə edir. Dialoq davam edəcək, lakin bu münasibətlər Rusiyanın istədiyi formada olmayacaq. Rusiyada bəzi siyasi dairələr mövcud reallıqları qəbul etmək istəməsələr də, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə uyğunlaşmaq zərurəti ilə üz-üzədirlər. Bu proses davam etdikcə, Rusiya-Ermənistan münasibətlərində də zaman-zaman ziddiyyətlər müşahidə olunacaq”.









