Əsas Səhifə > Dünya > Siyasətdə istefalar adi haldır, AMMA...
Siyasətdə istefalar adi haldır, AMMA...Bu gün, 07:00 |
|
Müharibə təkcə cəbhədə aparılmır. Arxa cəbhədə də elə döyüşlər olur ki, onların nəticəsi səngərdə qazanılan uğurlar qədər həlledici olur. Ukraynanın baş naziri xanım Yuliya Sviridenko məhz həmin görünməyən cəbhənin komandirlərindən biri idi.
O, ölkənin tarixinin ən ağır dövründə hökumətə rəhbərlik etməyə başladı. Raket zərbələri, dağıdılmış sənaye, milyonlarla köçkün, milyardlarla dollarlıq büdcə kəsiri və hər gün artan hərbi xərclər… Belə bir şəraitdə iqtisadiyyatı sadəcə ayaqda saxlamaq belə böyük uğur sayılırdı.
Sviridenkonun rəhbərliyi ilə Ukrayna iqtisadiyyatı müharibə reallıqlarına uyğunlaşdırıldı. Dövlət büdcəsinin hərbi ehtiyaclara çevik yönləndirilməsi, müdafiə sənayesinin genişləndirilməsi, yerli silah və sursat istehsalının artırılması, xarici maliyyə yardımının koordinasiyası və investisiya layihələrinin qorunması onun hökumətinin əsas prioritetləri oldu.
Onun dövründə Avropa İttifaqı, ABŞ və digər tərəfdaşlarla maliyyə əməkdaşlığı dərinləşdirildi, makromaliyyə sabitliyi qorundu, beynəlxalq donorların etimadı saxlanıldı. Eyni zamanda, Ukraynada istehsalın və ixracın tam çökməsinin qarşısı alındı, biznes mühitinin işlək qalması üçün mühüm qərarlar qəbul edildi. Müdafiə sənayesinə özəl sektorun cəlb olunması da məhz onun təşviq etdiyi istiqamətlərdən biri idi.
Bütün bunlar dinc dövrün iqtisadi göstəriciləri ilə ölçülə bilməz. Müharibə şəraitində əsas meyar iqtisadiyyatın çökməməsi, ordunun maliyyələşməsinin davam etməsi və dövlət institutlarının işlək qalmasıdır. Sviridenko bu baxımdan öz missiyasını uğurla yerinə yetirdi.
Bu gün o, vəzifəsindən gedir.
Siyasətdə istefalar adi haldır. Amma elə istefalar var ki, arxasında ağır zəhmət, gərgin məsuliyyət və tarixdə qalacaq xidmətlər dayanır. Yuliya Sviridenkonun istefası da məhz belə istefalardandır. O, Ukraynanın ən çətin illərində ölkənin iqtisadi müqavimətinin simalarından biri kimi tarixə düşməyi bacardı.
"DİA-AZ"
Geri qayıt |