
DİA.AZ: - 10 ilə yaxındır ki, müəyyən havadarlarının hesabına Tərtər rayonunu şəxsi mülkiyyətinə çevirmiş, Ermənistan respublikasının Əzizbəyov rayonunun Köçbək kəndindən Tərtər rayonunun Səhləbad kəndinə qaçqın düşərək məskunlaşmış Vidadi Edilxan oğlu Bəylərəv və ailəsi son 8 ildə respublikanın oliqarxları ilə müqayısə olunacaq səviyyədə varlanmış, özünə geniş çevrə quraraq, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin havadarlığı sayəsində 6 ildir Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunaraq, yerli insanlara divan tutmağa davam edir. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar məlumat ötürüb.
Əslində Vidadi Bəylərovun əməllərindən respublika KİV-lərində yetəri qədər yazılar dərc olunmuş, ancaq o, heç nəyəəhəmiyyət vermədən öz əzazil “padşah”lığını davam etdirir. İş o həddə çatıb ki, Tərtər rayon İcra hakimiyyətinin Vidadi İsayevdən sonra təyin olunmuş başçısı Ceyhun Cəfərov da bu insanla məlum səbəblərə görə hesablaşmaq məcburiyyətində qalıb. Tərtər əhalisi artıq bu insanın güc çatası biri olmadığını anlayaraq susmağa üstünlük verirlər.
Ancaq rayonda baş verən son hadısələr insanların səbr kasasını doldurub. Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzindəki konfransda bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq etdi. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb etdi.
Prezident İlham Əliyevin bu sahədə ciddi irad tutması isə rayonda bir sıra məmur övladlarını, xüsusən də orta məktəb şagirdi olan Bəylərli Elxan Vidadi oğlunu (I müavinin oğlu) daha da fəallaşdırıb və aqressivləşdirib. Orta məktəbi bitirməməsinə baxmayaraq, artıq dəyəri yüz min manatlarla ölçülən bir neçə avtomobil dəyişmiş bu məmur övladı, son zamanlar gənclərin həqiqi mənada əzrailinə çevrilib. Hazırki avtomobili 2012ci il istehsalı, qara rəngli, dəyəri əlli min dollardan artıq olan 99 BS 575 dövlət nömrə nişanlı, Volkswagen Passat CC markalı avtomobil rayonda bir neçə azyaşlının ölümcül yaralanmasına və hətta ölməsinə səbəb olub.
Martın 17-də saat 20.40 radələrində Tərtər rayonunun Buruc kəndi ərazisində, rayon sakini Ramil Azər oğlu Quliyev "Hyundai" Azera markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür. (http://www.mia.gov.az/?/az/pressreliz/view/30985/) Bu məlumat Daxili İşlər Nazirliyinin kriminal xronikasında gündəlik avtoqəzalarda baş vermış, adiləşmiş ölüm xəbərlərindən biri idi. Hətta avtoqəzada vəfat etmiş gəncin orta məktəb şagirdi olduğu belə göstərilməmişdi. (50CG068 ağ rəngli, Hyundai Azera)
Bir müddət əvvəl isə adı çəkilən ərazidən 100-150 metr aralıda Tərtər rayonunun Səhləbad kənd sakini Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşının oğlu gümüşü rəngli, buraxılış ili 1995 ci il olan Mercedes Cabriolet markalı 90—346 dövlət nömrə nişanlı avtomobili ilə Ağayarov Nahid Valid oğlu eyni formada avtomobili aşırdaraq qəza keçirmiş, avtomobil tam yararsız hala düşsə də, xoşbəxtlikdən sürücü ağır bədən xəsarətləri almasına baxmayaraq sağ qalmışdır. Hazırda yeriyə bilmir.
Adı çəkilən əraziyə diqqətlə nəzər yetirdikdə, burada bir sıra avtomobillərin şin izləri, hətta başqa avtomobillərə aid əzilmiş hissələr tapmaq mümkündür.
Bəs bu avtomobillərin ardıcıl burada qəza törətməsinin, ciddi xəsarətlərə, ölümlə nəticələnən hadisələrin səbəbi nədir, səbəbkarı kimdir?
Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavinin oğlu, Bəylərli Elxan Vidadi oğlu 15 yaşındadır, hazırda orta məktəb şagirdidir. Ancaq əvvəldə qeyd etdiyimiz kimi son bir neçə ildə, 2 Toyota Prado, 2 Toyota Land Cruiser, Hyundai Sonata, BMW, Volkswagen passat CC kimi avtomobilləri olub, şəhərdə, rayonda inanılmaz əda və sürətlə hərəkət edir ki, bir məsul şəxs onun xətrinə dəyə bilmir. Hər iki avtoqəzanın isə bilavasitə səbəbkarı və iştirakçısıdır. Adı çəkilən ərazi bu yeniyetmə, daha doğrusu desək uşaq üçün avtomobillərin yarış məkanıdır. Hər iki qəzada Quliyev Ramil Azər oğlunu (vəfat edib), qohumu Ağayarov Nahid Valid oğlunu aşağılayıcı sözlərlə avtoyarışa çağırmış, hər iki qəzanın səbəbkarının , qəzaya düşmüş avtomobillərin sıxışdıraraq yoldan çıxaranın Bəylərli Elxan Vidadi oğlu olduğunu Tərtərdə hamı yaxşı bilir. Ancaq cavabdeh şəxslər vəzifəsini itirməkdən qorxaraq tədbir görə bilmir. Bu insanın atasının Tərtər rayonuna etdikləri bəs etmədiyi kimi, həddi buluğa çatmamış bir övladına sahiblənə bilmir. İndi tərtərlilərin ümidi ancaq Prezidentədir. Prezidentin qətiyyətli göstərişi olmasa, həm bu istintaq işi dəqiq aparılmayacaq, həmçinin hələ çox anaların gözü yaşlı qalacaq.
Mövzunu diqqətdə saxlayacıyıq...











