Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Rauf Kazımovun offşor izləri VƏ...

Rauf Kazımovun offşor izləri VƏ...


Bu gün, 08:03

“Aqrarkredit” ətrafında başlayan irimiqyaslı əməliyyatlar dövlət büdcəsinə vurulan on milyonlarla manatlıq zərərin əsas icraçılarından birinin - Rauf Kazımovun rəhbərlik etdiyi maliyyə zəncirini ifşa edib.

Məlumata görə, hüquq-mühafizə organlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar və redaksiyamıza daxil olan şok faktlar göstərir ki, kənd təsərrüfatına ayrılan dövlət vəsaitlərinin silinməsi yalnız bir BOKT çərçivəsində qalmayıb. Çirkli pulların leqallaşdırılması və izlərin itirilməsi prosesində əsas yükü kommersiya bankçılığı, xüsusən də hazırda “TuranBank”ın Müşahidə Şurasının sədri olan Rauf Kazımovun idarə etdiyi maxinasiya mexanizmi daşıdığı iddia olunur.

Daxil olan məlumatlar Rauf Kazımovun maliyyə sektorundakı mövqeyinin sıradan bir peşəkar karyera deyil, qanunsuz maxinasiyalar üzərində qurulduğunu üzə çıxarır. Rauf Kazımov hələ 2016-cı ildə bankdan 500 min manatlıq 1000 ədəd səhm almaqla qurumun idarəçiliyində birbaşa söz sahibinə çevrilib. Bu addımdan cəmi iki il sonra, 2018-ci ildə onun Müşahidə Şurasının sədri postuna gətirilməsi maliyyə şəbəkəsinin planlı gedişi idi. Lakin maliyyə nəzarət orqanlarının diqqətini yayındırmaq üçün Rauf Kazımov sonradan həmin səhmləri atasının Kazım Kazımovun adına keçirərək kağız üzərində “görünməz” olmağa çalışıb.

Rauf Kazımovun adı həm də dəyəri yüz minlərlə manatla ölçülən dəbdəbəli avtomobil parkının rəsmiləşdirilməsində hallanır. Araşdırmalar göstərir ki, şəbəkə ətrafında hüquqi halqa daraldıqca, bu əmlaklar formal olaraq başqa şəxslərin adına rəsmiləşdirilib. Lakin Kazımov nəzarəti əldən verməmək üçün baş etibarnamə mexanizmindən istifadə edərək lüks avtomobillərin faktiki istifadəsini özündə saxlayıb. Bu, maliyyə cinayətləri zamanı qanunsuz yolla əldə edilmiş varidatın gizlədilməsi üçün istifadə olunan klassik sxemdir. Rauf Kazımovun bank sektorunda yaratdığı “qalxan”la yanaşı, maliyyə şəbəkəsi digər paralel maxinasiya kanallarından da aktiv istifadə edib.

Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən heç bir lisenziya verilməməsinə baxmayaraq, Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi (BAİA) adlı MMC təsis edilib. "Amay" ticarət mərkəzi, "Azərinşaat Servis" və "İnter Tabako" kimi iri müəssisələrdən toplanan gündəlik və aylıq minlərlə manat nağd vəsait rəsmi hesablara deyil, birbaşa bu agentlik üzərindən mənimsənilib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı toksik aktivlərinin qaytarılması adı altında dövlət büdcəsindən ayrılan yüz milyonlarla manat Çeçenistandakı şübhəli konsaltinq şirkətlərinə köçürülüb, vəsaitlərin böyük hissəsi "otkat" şəklində geri götürülüb.

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Fuad Süleymanov (“Şurabad quşçuluq” MMC), Tofiq Musayev (“Şurabad broyler”) və Fazil Rüstəmov (“Salyansüd” MMC) saxlanılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 100 milyon manatdan çox güzəştli krediti təyinatı dışı xərcləyərək dövləti mənimsəyən bu dəstənin bank ayağında Rauf Kazımovun oynadığı rol da istintaq qrupunun xüsusi diqqətində olduğu bildirilir.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon “TuranBank”a sorğu ünvanlayıb. Sorğumuza cavab almasaq da, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info


Geri qayıt