Əsas Səhifə > Şou-biznes > "İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil"

"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil"


Bu gün, 06:35

"İnsanların etibar anlayışı mənə həmişə bir az absurd gəlib. Etibar etmək nə deməkdir? İnsan başqa bir insana necə tam etibar edə bilər? Kiminsə sözünə arxayın olub, sabah da eyni insan olaraq qalacağına, eyni münasibət göstərəcəyinə necə əmin ola bilər?.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Axı insan bəzən özünə belə tam zəmanət verə bilmir. Dünən çox sevdiyi bir insana bu gün müxtəlif səbəblərdən nifrət edə, fikrini dəyişə bilir. Öz duyğularımızın belə zamanla dəyişə bildiyini bildiyimiz halda, başqasının heç vaxt dəyişməyəcəyinə necə bu qədər inana bilərik?
İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil, ən yaxın bildikləri insanlardan gəlir. Dost dediklərindən, sevdiklərindən, güvəndiklərindən… Bunun səbəbi isə elə həmin hədsiz güvənin, etibarın gözləntisidir. İnsan qarşısındakını olduğu kimi deyil, olmaq istədiyi kimi görməyə başlayır. Sonra isə reallıqla üzləşəndə bunu xəyanət kimi qəbul edir.
Bəlkə də məsələ heç kimə kor-koranə etibar etmək deyil. Məsələ insanların dəyişə biləcəyini qəbul etmək, heç kəsi ideal hesab etməmək və öz daxili dayaq nöqtəni başqasının üzərində deyil, özünün üzərində qurmaqdır..."

Geri qayıt