Əsas Səhifə > Şou-biznes > Teatr səhnəsində özünün yox, dodağının izi qalan aktyor
Teatr səhnəsində özünün yox, dodağının izi qalan aktyorBu gün, 10:56 |
|
Məsələn, bu gün çox rahatlıqla istənilən pafoslu adama “sən nə yaman İlqar Cahangir adamsan” demək olar. Əslində, İlqar Cahangirin teatrda əyilib yeri öpməyini çıxsaq, onu məhz teatral aktyor kimi müsbət qiymətləndirmək olar. Ancaq əyilib marça-murç döşəməni öpməyin heç bir adı yoxdur. Görünür, İlqar Cahangir bu cür etməklə özünü daha çox sənətkar hesab edir, guya sənətə qarşı şiddətli sevgisini göstərir, ancaq qətiyyən belə şey lazım deyil. Buna nə ehtiyac var, nə də bunun sənətə bir dəxli. Əgər döşəmə öpməklə sənətkar olunsaydı, Nurəddin Mehdixanlının dodaqlarını oradan aralamaq olmazdı. Nurəddin Mehdixanlı demiş, heç o öpmür, gör nəsə dəyişir? Yox, Allah var, eyniləşdirmirəm, Nurəddin Mehdixanlının pafosu İlqar Cahangirin pafosu döyər. İlqar Cahangir öz aləmində döşəməni öpməklə demək istəyir ki, ay camaat, ən teatr adam mənəm, teatrla nəfəs alıram, səhnənin tozunu ən çox mən uduram, hamınız Nurəddin Mehdixanlısınız, gəbərin, mən başqayam. Halbuki həqiqət çox sadədir. Döşəmə mikrobdu, milyonlarla bakteriya var. İnsan gərək öz sağlamlığına da, səhnəyə də zərbə vurmasın. O, bu cür etməklə, həm də teatr aktoyru kimi müsbət obrazına zərbə vurur. Özü də, müsahibələrinin birində jurnalistin döşəməni niyə öpməyi ilə bağlı suala da belə cavab verib ki, “artıq 20 ildir o jesti edirəm, amma birinci dəfədir bu sualı verirlər. Bilirdim ki, bir vaxt kimsə bu sualı verəcək”. Vay vay vay. Lap ürəyim ağrıdı. Demə, İlqar müəllim bir sual üçün iyirmi ildir döşəmə öpürmüş. Dəhşətdir, vallah. 20 il əyil yeri öp, nədir-nədir sual verəcəklər və sən deyəcəksən ki, “2000-ci ildə İranda festivalda idim. Festivalın təqdimatı idi. Orda gördüm ki, aktyor çıxanda səhnəni öpdü, getdi. Dedim, bunu mən niyə etməyim? Ondan sonra gəldik bura. Əlimi səhnəyə qoydum və öpdüm. Bilmirəm. Necəki çörəyi öpüb gözümüzün üstünə qoyuruq, onu müqəddəs, pak bilirik. İşığa and içirik. Bu da mənim üçün bir and yeridir, çörək, duz kimi bir şeydir. Həqiqətən də bu artıq mənim çörəyimdir. Öpüb gözümün üstünə qoymalıyam”. Elə bu? Buydumu, bumuydu istədiyiniz? Nə deyim, akademik Rafiq Əliyevin inandığı Allah özü kömək olsun. İlqar Cahangir uzun illər teatrda fəaliyyət göstərsə də, onu tanıdan daha çox bayağı seriallar oldu. Bu, həm öz günahıdır, həm də yox. Ədalət naminə onun teatr aktoyru olaraq pis aktyor olmadığını da qeyd etmək lazımdır. Etdim. İlqar Cahangir teatrda pis aktyor deyil. Mənim ədalətim də bura qədərdir. İlqar Cahangirin mətbuata verdiyi bir neçə müsahibəni oxumuşam. Ümumiyyətlə, İlqar Cahangir özünə müsahibə verməyi qadağan etməlidir. Birinci səbəb odur ki, aktyor kimi maraqlı heç nə demir. Əksinə, çoxlu pis cavablar verir. Məsələn, bir dəfə müsahibələrinin birində “Aktyorluğun çətinliyini aktyor olaraq necə izah edərsiniz?” sualına belə cavab verib: “Aktyorsansa, olmaq istəyirsənsə, olacaqsansa, bu, sənin üçün çətinlik deyil. Əgər bu yolu seçmisənsə, dözəcəksən, nə olur olsun”. İndi bu nə deməkdi? Bu nə cavabdı? Nə başa düşək? Bu sualın cavabı bu deyil, danışılası çox çətinlik var, söhbət istedaddan getmir. Təəssüf ki, İlqar Cahangir bu sadə həqiqətə başa düşməkdə çətinlik çəkir. İlqar Cahangir ona görə danışa bilmir ki, bir çox həmkarı kimi kitab oxumur, mütaliəsizdir. Dünya görüşü marça-murç öpdüyü səhnənin altındadır. O da var ki, bu gün İlqar Cahangir təcrübə, yaş etibarı ilə ustad olmalı məqamdadır. Ancaq az qala, onu perspektivli, ümidverici gənc aktyor kimi təqdim etsinlər. Çünki İlqar Cahangir öz üzərində işləmək əvəzinə, master olmaq yerinə ortabablığı seçib. O da hər aktyor kimi bütün problemi rejissorda və tamaşaçıda görür. Doğrudur, onlarda da günah var, amma özündə heç bir günah görməyib, hamısını başqasının üstünə atmaq da bir iş deyil. İlqar Cahangir hər nə qədər özünü sənəti yaşayan adam kimi göstərsə də, belə deyil. Sənəti yaşayan adam səhnəyə çıxanda bunu rolunda göstərir. Sənətkar obrazını yaşayan adam isə səhnəyə çıxmamışdan əvvəl göstərir. Biri tamaşaçıya tamaşa təqdim edir. O biri tamaşaçıya özünü təqdim edir. İlqar Cahangirin müsahibəsini, danışığını elə belə qeyd etmədim. Bu, tək onun yox, ümumən əksər aktyorlarımızın problemidir. Məsələn, istedadı ilə seçilən aktyor və aktyorlar var ki, kitab oxumamağı ilə fəxr də edirlər. Heç bir utanc hissi keçirmədən bunu dilə gətirirlər. Ona görə də bu cür adamlar ağızlarını açanda nə danışdıqlarını bilmirsən. Aktyorlarımız müsahibə verəndə onlara verilən sualla onların verdiyi cavab arasında heç bir qohumluq əlaqəsi olmur. Məsələn, jurnalist soruşur: -Saat neçədir? Cavab gəlir: -Əgər zamanın qədrini bilirsənsə, saatın əhəmiyyəti yoxdur. Görünür, bizim bu sənət adamları özlərini sorğu-suala çəkmək əvəzinə artıq çoxdan özlərinə bəraət qazandırıblar. Onlar öz məhkəmələrinin həm hakimi, həm prokuroru, həm vəkili, həm də şahididirlər. Nəticədə hökm həmişə eyni çıxır: təqsirkar tamaşaçıdır,rejissordur, zamandır və s. Hamı günahkardır. Bir nəfərdən başqa. Məhz həmin adamdan başqa. Halbuki inkişafın başladığı yer insanın özünü günahsız elan etdiyi yer yox, özünü sorğu-suala çəkdiyi yerdir. İlqar Cahangirə baxanda adamda belə təəssürat yaranır ki, o, aktyor olmaqdan çox, aktyorluğun abidəsi olmaq istəyir. Abidələrin isə bir problemi var. Onlar böyümürlər. Daş necə qoyulubsa, elə də qalır. Sənət isə daş deyil. Sənət hər gün yenidən doğulmalıdır. Yoxsa bir gün adam ayılıb görür ki, rol oynamaq əvəzinə artıq öz pafosunun epizodik personajına çevrilib. Və həmin gün səhnənin döşəməsini nə qədər öpsən də, səhnə sənə təşəkkür etmir. Çünki teatrın ən böyük ehtiyacı dodaq izi deyil. Orxan Saffari Geri qayıt |