Əsas Səhifə > Şou-biznes > Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir?

Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir?


Bu gün, 06:25

"Eurovision" mahnı müsabiqəsi milyonlarla izləyicisi olan beynəlxalq mahnı yarışıdır. 1956-cı ildən bəri keçirilən müsabiqədə iştirakçı ölkələr canlı yayımda orijinal mahnılar təqdim edir. Səsvermənin sonunda isə ən çox səs toplayan iştirakçı qalib elan olunur.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirib ki, son illərdə “Avroviziya”nın Azərbaycanla bağlı nəticələri ətrafında siyasi müzakirələr artıb. Onun sözlərinə görə, bu mahnı müsabiqəsinin Azərbaycan üçün nəticələri siyasi anlam daşıyır: “Onlar bizim Qarabağdakı nailiyyətlərimizlə razı deyillər, bizi qısqanırlar. Hər yolla çalışırlar, Azərbaycana zərər vursunlar. Ermənilərin Qarabağa qayıtmasına dəstək verirlər”.

Bəstəkar hesab edir ki, Azərbaycan Avropaya uyğunlaşmağa çalışmaq əvəzinə öz musiqi xəttini inkişaf etdirməli və milli üslubun təbliğinə üstünlük verməlidir. O, həmçinin müsabiqənin ölkəyə ciddi fayda vermədiyini və iştirak məsələsinin yenidən dəyərləndirilməli olduğunu deyib.

  • Bəs “Euriovision” müsabiqəsində Azərbaycan üçün nəticələrin zəifləməsinin səbəbləri nədir?

Bizimyol.info xəbər portalına açıqlamasında müəllif və ifaçı, HITMAKER Murad Arif bildirib ki, “Avroviziyanın Azərbaycanda bir böyük problemi var: “Problem odur ki, Xalq və Münsif səsverməsi ilə ölkədə AÇIQ MAHNI SEÇİMLƏRİ aparılmır. Belə festivalları İtaliya (San-Remo), İsveç (Melodifestivalen) və onlarla Avropa ölkəsi hər il keçirir... Bu, çox vacib layihədir; musiqi sektorunu, bəstəkarları və ifaçıları stimullaşdıracaq. Onlar formatı dərk edərək, öz imkanlarını GÖSTƏRMƏYƏ can atacaq. Amma qapalı seçimlər sektorun inkişafına təsir edə bilmir. Məsələn, müəlliflər bilmir, oxuyan kimdir, hansı səsdir, qadındır, kişidir, baritondur, sopranodur, tenordur, gəncdir, qrupdur, ya kimdir? Bunu bilməyən müəllif necə HİT mahnı yazsın? Kimə yazsın?”

Murad Arif həmçinin deyib: “Qətiyyən siyasi səbəblər axtarmayaq. Çünki (müxtəlif illərdə) Rusiya və İsrail nümayəndələrinin timsalında SÜBUT OLUNDU ki, ölkələrin siyasi etirazına rəğmən HİT mahnı nəinki finala, hətta 3-cü, 2-ci yerə qədər yüksəlir...

Eləcə də, əgər biz Avropanın Ermənistana dəstəyindən danışırıqsa, onda niyə, Ermənistan finala keçmədi? Odur ki, bəhanələri yox, HİT mahnını tapmağı bacarmalıyıq...”

Murad Arif əlavə edib: “İnanıram ki, gələn il, hər zaman tamaşaçını düşünən, ən çətin, ağır və lisenziyalı layihələrin haqqını verən doğma İTV, ölkədə açıq mahnı seçimlərini də təşkil edərək, bütün avro-fanların gözləntisini doğruldacaq”.


Geri qayıt