Əsas Səhifə > Şou-biznes > CVN-in korladığı zehniyyət...
CVN-in korladığı zehniyyət...Bu gün, 04:55 |
|
Bir az da ölkənin ən bayağı və əldəqayırma layihəsi olan CVN-dən danışmaq lazımdır.
CVN sözün həqiqi mənasında həm bayağıdır, həm də əldəqayırma.
Ona görə bayağıdır ki, heç bir intellektual və ya gülməli məhsul təqdim etmir. Bunun fərqinə varmaq daha asandır.
Əldəqayırma olduğu barədə isə geniş danışmaq lazımdır (oxumaq yormasın deyə punktlarla):
1. CVN-in, yalan olmasın, azı yüz videosunu başdan-ayağa təhlil etmişəm. Rafaellə Coşqunun oğlu ölkədəki sosial problemlərdən, yağışın gətirdiyi fəlakətlərdən, təhsilin aşağı keyfiyyətindən elə cəsarətlə danışır ki, əlin üzündə qalır. Deyirsən, halal olsun, qaqaş, sən danış, biz də dəstəkləyək.
Sonra qəfildən quru sərhədlərinin bağlı qalmasının malalanması, güc strukturlarını tərif videoları, əslində digər ölkələrdə vəziyyətin daha acınacaqlı olması ilə bağlı çıxışlar gəlir və məsələ aydınlaşır. Aydındır ki, dalbadal bu tip tərif videoları çox qeyri-peşəkar olardı. Həqiqi manipulyasiya isə daha incə işləyir.
2. Kanalın aparıcı simalarından olan Rəfinlə Hilal barədə. Cəmiyyətdə bir xeyli tanınan bu iki nəfər, ölkədə haçan ciddi hadisə baş verirsə, tez rəngbərəng paltarlar geyinib əyləncə videoları paylaşır. Onlar artıq simvola çevriliblər və taleyüklü problem fonunda həmin simvollar trollinq kontent istehsal edirsə, deməli, məsələ o qədər də ciddi deyilmiş.
Heç kim bunun həmin şəxslərin fərdi təşəbbüsü olduğunu iddia edə bilməz, konkret faktlarla və tarixlərlə bu tip videoların çəkildiyini və CVN-in rəsmi səhifələrində paylaşıldığını sübut etmək mümkündür.
3. Müqayisə və özünüqınaq barədə. CVN və onun gülməli olmayan bloggerləri həyatın reala oxşayan, amma absurd imitasiyasını daha lüks formada, dəbdəbəli restoranlarda bahalı geyimlərlə elə təqdim edirlər ki, izləyici məzmuna fokuslanmaqdan daha çox şüuraltında özünü onlarla müqayisə edir.
Beləcə həmin blogger tayfası daha da əlçatmaz olub ikonaya çevrilir. Mesaj isə budur; minimum əməkhaqqının 400 AZN olduğu ölkədə vəziyyət əslində elə də pis deyil və əgər sən mənim kimi yaşamırsansa, bacarıqsızlığın ucbatından belədir.
Bu proses o qədər uğurlu alınır ki, izləyici özünü onlardan aşağıda görür və kimsə həmin əldəqayırma bloggerləri tənqid edəndə "paxıllıq eləmə, bacarırsansa, sən də ol" tipli şərhlər yazır.
Xeyr, əzizim, onlar sənin cibindən maliyyələşir. Əksinə, sən də tənqidlərə qoşulmalısan.
4. Son olaraq, CVN-in bir layihə kimi ən böyük uğuru bizim bu manipulyasiyanı özümüzün azad seçimimiz hesab etməyimizdir. Guya əslində nə izlədiyimizi, nəyə güldüyümüzü, kimi və nəyi sevdiyimizi, kimə və nəyə nifrət etdiyimizi özümüz seçmişik. Halbuki seçimlərimizin böyük hissəsi əvvəlcədən hazırlanmış informasiya mühitinin nəticəsidir. Bu gün kəşfetdə videoları çevirərkən qarşımıza CVN-in beldənaşağı kontenti çıxırsa, deməli, oyun uğurlu alınıb.
Müəllif: Ramazan Tağıyev - "DİA-AZ "
Geri qayıt |